İQTİSADİYYAT


Paytaxtın Mirəli Qaşqay küçəsi əsaslı şəkildə təmir olunub VİDEO

Bakı, 17 dekabr, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2020-ci ilin investisiya proqramına uyğun olaraq, Bakı şəhəri üzrə təmirə ehtiyacı olan küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Nəsimi rayonu ərazisində genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir. Sözügedən işlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olan küçə və yollarda aparılır.

Artıq rayonun əsaslı şəkildə təmir edilən Mirəli Qaşqay küçəsində işlər sona çatdırılıb. Yenidən qurulan küçənin uzunluğu 2,3 kilometr, eni isə ortalama 8 metr təşkil edir. Layihə çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Təmir-bərpa işləri yekunlaşdıqdan sonra küçəboyu zəruri yerlərə yol nişanı və məlumatverici lövhələr quraşdırılaraq yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb. Mirəli Qaşqay küçəsi artıq yeni və müasir görkəmdə vətəndaşların istifadəsindədir.

Yaxın günlərdə Nəsimi rayonunda daha bir küçənin - Xan Şuşinski küçəsinin 1,2 kilometrlik hissəsinin də təmir olunaraq istifadəyə verilməsi planlaşdırılır. Hazırda küçəboyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Asfaltlanma işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Analoji işlər hazırda rayonun Yusif Vəzir Çəmənzəmənli, Qulu Quliyev, Akademik Şamil Əzizbəyov və Mərdanov qardaşları küçələrində də aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.