CƏMİYYƏT
Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha üç nəfər saxlanılıb VİDEO
Bakı, 30 iyul, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatları davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun əsasən “Kubinka”, “Şamaxinka” və digər ərazilərində narkotik vasitələrin və “patı” adlandırılan psixotrop maddənin - metamfetaminin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan üç nəfər tutulub.
Əməliyyat zamanı əvvəlcə paytaxt sakini Vüqar İsmayılov saxlanılıb. Onun üzərindən 11 qrama yaxın metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə psixotrop maddəni satan Nəsimi rayon sakini Aydın Allahverdiyev də tutularaq istintaqa cəlb olunub. Ondan da metamfetamin aşkarlanaraq götürülüb.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan Bəhruz Əliyev də saxlanılıb. Onun əlindəki çantaya baxış zamanı 600 qrama yaxın metamfetamin və 8 qram heroin aşkarlanıb. Bəhruz Əliyev ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Araşdırma zamanı müəyyən edilib ki, o, heroin və metamfetamini sosial şəbəkələrin birində tanış olduğu xarici ölkə vətəndaşından əldə etdiyini bildirib.
Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar başlanıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib. Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.