İQTİSADİYYAT
Paytaxtın bu ərazilərindəki yollarda təmir və rənglənmə işləri aparılır
Bakı, 2 may, AZƏRTAC
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhərinin Qala-Pirallahı avtomobil yolunda nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri küçənin 130 metrlik hissəsini əhatə edib.
Bundan başqa, Nobel prospektində üfüqi nişanlanma xətləri yenidən rənglənir.
Gecə saatlarında isə Heydər Əliyev prospektinin şəhər istiqamətində olan hissəsində də üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər saat 22:00-dan başlayaraq mayın 3-ü səhər saatlarınadək davam edəcək.
Sürücülərdən göstərilən saatlarda həmin yollarda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.