İQTİSADİYYAT
Paytaxtın daha bir ərazisində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib
Bakı, 7 may, AZƏRTAC
Hövsan şosesinin Hövsan qəsəbəsi, Naximov Yaşayış Massivindən keçən hissəsində yol hərəkəti təhlükəsizliyi səviyyəsi artırılıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, ərazidə cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib.
Yaxınlıqda sıx məskunlaşmanın, ictimai-iaşə obyektlərinin olduğunu nəzərə alaraq piyadaların, sərnişinlərin, o cümlədən əlilliyi olan şəxslərin rahatlığının, təhlükəsizliyinin, əlçatanlığının təmin edilməsi məqsədilə dayanacaq məntəqələrində pavilyonlar quraşdırılıb, panduslar inşa edilib, piyada keçidlərinin nizamlanması məqsədilə çağırıcı qurğu ilə idarə olunan işıqforlar təşkil edilib, görmə üzrə əlilliyi olan şəxslərin rahatlığı üçün panduslarda hiss edilə bilən döşəmələr, işıqforlarda isə səs qurğuları yerləşdirilib.