ELM VƏ TƏHSİL
Pedaqoji Universitetin rektoru: Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı üzrə 50 nəfər magistratura təhsili alır
Bakı, 17 dekabr, AZƏRTAC
Son illər Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bir neçə yeni layihənin icrasına başlanılıb. Bunlardan birincisi ali təhsildə rəqabətqabiliyyətliliyin artırılması üzrə Dövlət Proqramı çərçivəsində ABŞ-ın Corc Vaşinqton Universiteti ilə uğurla davam edən ikili diplom proqramıdır.
AZƏRTAC xəbər verir ki, bunu dekabrın 17-də Heydər Əliyev Mərkəzində keçirilən ADPU-nun 100 illik yubiley tədbirində rektor Cəfər Cəfərov bildirib.
Rektor deyib: “Hazırda 50 gəncin magistratura təhsili aldığı bu proqram, cari tədris ilinin sonunda ilk məzunlarını buraxılış etməklə yanaşı, növbəti ildən etibarən qəbul planını 25 nəfərdən 40 nəfərədək artırmağı da nəzərdə tutur. Razılıq hissilə deyə bilərəm ki, proqram bizə məşhur Corc Vaşinqton Universitetinin təhsil elmləri sahəsindəki zəngin təcrübəsindən faydalanmaq üçün geniş imkanlar yaradır”.