CƏMİYYƏT
Pediatrlar üçün uşaqlarda klinik halların idarə olunmasına həsr edilmiş təlim keçirilib
Bakı, 5 mart, AZƏRTAC
Mərkəzi Gömrük Hospitalının həkimləri beynəlxalq pediatrik təlimdə iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının pediatrları Fərəh Vahabova, Ülkər Məhərrəmova və Aygün Sadıxova Amerika Ürək Assosiasiyasının təşkil etdiyi “Təkmil pediatrik həyata dəstək” (PALS) təlimində onlayn şəkildə iştirak ediblər.
Həmin təlim uşaqlarda müxtəlif klinik halların idarə olunması, o cümlədən aritmiyaların diaqnostikasının, ürək dayanmasının, bradi- və taxi- aritmiyaların müalicəsinin, pediatrik EKQ əsaslarının və digər mühüm mövzuların öyrədilməsinə yönəldilib.
Təlimdə iştirak edən həkimlər uşaqlarda aritmiyaların diaqnostikasının və ürək-ağciyər pozuntularının, o cümlədən ürək dayanması və respirator çatışmazlıq hallarının vaxtında aşkar edilməsini və müalicəsini öyrəniblər. Onlar uşaqlarda ürək-ağciyər dayanması hallarının qarşısının alınması, həmin halların erkən aşkar edilməsi və uğurlu reanimasiya tədbirlərinin tətbiqi ilə tanış olublar.
Təkmil Pediatrik Həyata Dəstək (PALS) təlimi Amerika Ürək Assosiasiyası/Amerika Kardiologiya Cəmiyyəti və Amerika Pediatriya Akademiyası tərəfindən tibb mütəxəssislərinin davamlı tibbi təhsil və praktik vərdişlərinin təkmilləşdirilməsi üçün nəzərdə tutulan təlim kursudur. Təlimdə iştirak edən həkimlər Amerika Ürək Assosiasiyasının sertifikatına layiq görülüblər.