CƏMİYYƏT
Penitensiar xidmətin mühafizə alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Bakı, 7 iyun, AZƏRTAC
İyunun 7-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış 199 gənc əsgərin təntənəli hərbi andiçmə mərasimi keçirilib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra dövlət bayrağı hərbi marşın sədaları altında təntənəli surətdə meydanın mərkəzinə gətirilib, gənc əsgərlər vətənə, xalqa və dövlətə sədaqət andı içiblər.
Mühafizə alayının komandiri, ədliyyə polkovnik-leytenantı İlqar Müseyibov tədbirdə çıxış edərək gənc əsgərlərə ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun təbriklərini çatdırıb. O, gənc əsgərlərə vətənə şərəf və ləyaqətlə xidmət etməyi, komandirlərin əmr və tapşırıqlarını sözsüz yerinə yetirməyi, hər an əldə silah ölkəmizin müdafiəsinə qalxmağa hazır olmağı tövsiyə edib.
Əsgərlər və valideynlər yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Gənc əsgərlər nizam-intizamlı olacaqlarını, xidmətdə yalnız uğur qazanacaqlarını, Vətənin müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bildiriblər.
Sonra şəxsi heyətin hərbi marşın sədaları altında təntənəli marşla hərbi keçidi olub.
Sonda mühafizə alayının xüsusi təyinatlı dəstəsi fiziki və döyüş hazırlığını, peşəkarlığını nümayiş etdirib.