ELM VƏ TƏHSİL
Peşəkar mühasib sertifikatı üzrə imtahanın nəticələri on gün ərzində elan ediləcək
Bakı, 8 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 8-də peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrə) keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 2 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 41 nəzarətçi müəllim, 4 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.
Üç saat davam edən imtahanda namizədlərə 40 test tapşırığı təqdim olunub. Bunlardan 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 10 gün ərzində elan olunacaq.
Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) mayın 29-da keçiriləcək. İmtahana qeydiyyat mayın 14-dək aparılacaq.