İQTİSADİYYAT
“Petkim” Massaçusets Texnologiya İnstitutunun Sənaye Əlaqə Proqramına üzv olub
Bakı, 13 avqust, AZƏRTAC
Türkiyənin ilk və tək inteqrasiya olunmuş neft-kimya şirkəti olan “Petkim” texnologiya, tədqiqat-inkişaf və kimya sahələrində dünyanın ən yaxşı texniki universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutunun (MIT) Sənaye Əlaqələndirmə Proqramına (ILP- Industrial Liaison Program) üzv olub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Petkim” avqust ayından etibarən 2 il ərzində ortaq maraq dairələri üzrə birgə əməkdaşlığı təmin edəcək bu üzvlük ilə ILP proqramına daxil olan 250 qlobal şirkətdən biri olub.
“Petkim” tədqiqat-inkişaf sahəsində fəaliyyətlərini və sektorun inkişafına töhfə verəcək strateji tədqiqatlarını beynəlxalq arenaya çıxartmaq məqsədilə ILP-ə üzv olub. MIT-in dünya miqyaslı şirkətlərlə qarşılıqlı olaraq informasiya və texnologiya sahəsində əlaqələr qurmaq və inkişaf etdirmək məqsədi ilə yaradılan bu proqramı çərçivəsində “Petkim” strateji əhəmiyyəti olan spesifik tədqiqat sahələrinə istiqamətlənəcək. “Petkim”in əsas strategiyalarından birini təşkil edən rəqəmsal dəyişiklik və innovasiya sahələrindəki layihələri baxımından da böyük əhəmiyyət kəsb edən MIT-ILP üzvlüyünün ilk mərhələsi iki il olacaq. Həyata keçiriləcək layihələrə uyğun olaraq bu müddət daha da uzadıla bilər.
Proqram çərçivəsində avqust ayında MIT tədqiqatçıları “Petkim”in tədqiqat-inkişaf və istehsal sahəsində çalışan əməkdaşları ilə bərabər layihə üzrə əlaqədar məsələləri müəyyən edəcək. Sentyabr ayında isə “Petkim”dən müvafiq heyət ABŞ-a gedərək MIT-in mütəxəssisləri ilə görüş keçirəcək. Qarşılıqlı təhsil və potensial maraq sahələri istiqamətində birgə fəaliyyət ilboyu davam edəcək.
“Petkim” 2500 nəfərlik əməkdaşını 2017-ci ildəki 7 milyard türk lirəsindən artıq ümumi satışlarını, sektordakı qabaqcıl mövqeyini və təcrübəsini MIT-in qlobal tədqiqat-inkişaf və mühəndislik layihələrindəki təcrübə dəstəyilə daha da inkişaf etdirməyi hədəfləyir. “Petkim” MIT-in ILP ekosisteminə daxil olan 250 şirkətdən biri olub.
Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 51 faizlik paya sahibdir.