İQTİSADİYYAT
Peyvənd xəbərləri neft qiymətlərində ciddi artıma səbəb olmayacaq
Bakı, 12 noyabr, AZƏRTAC
Beynəlxalq Enerji Agentliyi (IEA) bu həftə gündəmdə olan koronavirusa qarşı peyvənd xəbərlərinin gələn ilə kimi neft tələbatında ciddi artım yaratmayacağını düşünür.
AZƏRTAC IEA-ya istinadla xəbər verir ki, COVID-19-a qarşı peyvəndin hazırlanması səyləri fonunda gələn müsbət xəbərlərin 2021-ci ilin ikinci yarısına qədər neft tələbatında ciddi artım yaratma ehtimalı yoxdur.
“Peyvəndin normal həyatın bərpasına necə və nə vaxt imkan verəcəyini bilmək hələ tezdir. Hazırda peyvənd xəbərlərinin 2021-ci ilin birinci yarısınadək neft tələbatına ciddi təsir göstərməyəcəyini proqnozlaşdırırıq. Bəzi ölkələrdə neft tələbatının zəif olması və istehsalın artması kimi göstəricilər qiymətlərə güclü dəstək verə bilmir”, - deyə agentlik bildirib.
IEA 2020-ci il üzrə qlobal neft tələbatı ilə bağlı daralma gözləntisini artırıb, 2021-ci ilə dair tələbatın bərpası proqnozunu isə yuxarı istiqamətli dəyişib. Belə ki, agentlik cari il üçün qlobal neft tələbatı üzrə daralma proqnozunu 0,4 milyon barrel/gün artıraraq 8,8 milyon barrel/günə çatdırıb, 2021-ci ilə dair bərpa proqnozunu isə 0,3 milyon barrel/gün artıraraq 5,8 milyon barrel/günə yüksəldib.
Oktyabr ayında qlobal neft tədarükünün gündəlik 200 min barrel artdığını açıqlayan IEA “OPEC+”un istehsalında heç bir dəyişiklik olmadığını vurğulayıb.