REGİONLAR
Pianoçu Aytac Rzaquliyeva: Musiqiyə atamın istəyi ilə gəlmişəm və heç də təəssüflənmirəm
Qəbələ, 6 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Bakıda doğulub böyümüşəm. Uşaqlıqda rəssam olmaq arzusunda idim. Atam Azərbaycanın tanınmış rəssamı olub. Ancaq o, musiqini də çox sevirdi. Vaxtilə anamla birlikdə violonçeldə də ifa ediblər. Atamın arzusu ilə mən musiqi sahəsini seçdim və buna görə heç də təəssüflənmirəm
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində XI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Türkiyənin “Trio Mirakulum” qrupunun yaradıcılarından biri, Azərbaycanın Xalq rəssamı Elbəy Rzaquliyevin qızı Aytac Rzaquliyeva deyib.
Aytac Rzaquliyeva P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Daha sonra Bakıda L.Filatova, F.Bədəlbəyli, C.Qarayev, Y.Milşteyn və P.Messner kimi məşhur musiqiçilərin ustad dərslərində iştirak edib. Azərbaycan, Rusiya, Türkiyə, Portuqaliya və digər ölkələrdə konsert proqramları ilə tamaşaçıların qarşısına çıxıb. Hazırda Türkiyənin Mərmərə Universitetində fortepiano və musiqişünaslıq üzrə dərs deyir, konsert, seminar və ustad dərslərində çıxışlar edir.
Musiqiçi bildirib ki, “Trio Mirakulum” iki ildir fəaliyyət göstərir. Hazırda qrupun tərkibinə daxil olan türkiyəli violin və violonçel ifaçıları onun tələbələri olub. Qrup əsasən İstanbulda təşkil edilən tədbirlərdə, konsertlərdə çıxış edir. Azərbaycanda isə yalnız bir dəfə - Milli İncəsənət Muzeyində keçirilən tədbirə qatılıb. Qəbələ festivalına dəvəti də məhz həmin tədbirdə alıblar.
Festivalda iştirak etməyi çox arzuladığını vurğulayan Aytac Rzaquliyeva deyib: “Qəbələ festivalı barədə çox eşitmişdim və buraya gəlmək istəyirdim. Çünki beynəlxalq festivaldır, dünyanın bir çox ölkələrindən bura məşhur orkestrlər, musiqiçilər, ifaçılar gəlirlər. İstəyirdim ki, bizim qrupumuzu da tanısınlar. Sənətin, musiqinin əsas işi insanları dostlaşdırmaqdır. Azərbaycan qədim tarixi olan çox gözəl ölkədir. Musiqimiz də, digər sənətlərimiz də gözəldir. Xarici ölkələrdən bura gələn bütün insanlar, sənət adamları bu gözəlliyi görür və bizi daha yaxından tanıyırlar. Musiqinin gücü də elə bundadır”.