İQTİSADİYYAT
Pirallahı rayonunda mərkəzi yolun yenidən qurulması işləri yekunlaşır VİDEO
Bakı, 18 aprel, AZƏRTAC
Pirallahı rayonunun mərkəzi yolu hesab olunan Səməd Vurğun küçəsi “Azəravtoyol” ASC tərəfindən əsaslı şəkildə yenidən qurulur. Avtonəqliyyat vasitələrinin və vətəndaşların rahat, maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan tikinti işləri yekunlaşmaq ərəfəsindədir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində yol yatağının genişləndirilməsi işləri görülüb. Belə ki, uzunluğu 8 kilometr, yenidənqurmadan öncəki eni 6-7 metr arasında olan yolun 4 kilometri 8 metrdən 12 metrə, 4 kilometrdən sonrakı hissəsi isə 12 metrdən 15 metrə qədər genişləndirilib.
Qeyd olunub ki, yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Layihə çərçivəsində yeraltı kommunikasiya xətləri yenilənib, yeni piyada səkilərinin tikintisi və yeni işıqlandırma sisteminin qurulması istiqamətində tədbirlər görülüb, zəruri olan yerlərdə səth sularının kənarlaşdırılması üçün 12 ədəd suötürücü qurğu quraşdırılıb.
Pirallahı rayonunun mərkəzi yolunda hazırda asfaltlanma və səki daşlarının düzülməsi işləri aparılır. Asfalt-beton örtüyünün 2 layı artıq salınıb, əraziyə 8000 poqonmetr səki daşları düzülüb. Ümumilikdə isə yolun 85 min kvadratmetr sahəsinə 3 qat olmaqla 15 santimetr qalınlığında asfalt-beton örtüyü döşənəcək, yolboyu 16 min poqonmetr yeni səki daşı düzüləcək.
Asfaltlanma işləri yekunlaşdıqdan sonra yolun xətlənməsi işləri aparılacaq, zəruri olan yerlərə 50 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq.
İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.