ELM VƏ TƏHSİL
“Plagiatçılıq və onunla mübarizə” mövzusunda respublika elmi-praktik seminarı keçirilib
Bakı, 20 oktyabr, Xatirə Cəfərova, AZƏRTAC
Oktyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun və ABŞ-ın “Turnitin” şirkətinin birgə təşkilatçılığı ilə “Plagiatçılıq və onunla mübarizə” mövzusunda respublika elmi-praktik seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev tədbirin əhəmiyyətindən, mövzunun aktuallığından danışıb. Bildirilib ki, bu sahədə ən maraqlı qurumlardan biri ölkədə elmi fəaliyyəti əlaqələndirən AMEA-dır. Akademiya ümumilikdə ölkənin intellektual mülkiyyətinin qorunmasına elmi dəstək göstərir və müntəzəm maarifləndirmə işi aparır.
Alim plagiatçılıqla bağlı məsələnin İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin də diqqət mərkəzində olduğunu, bu istiqamətdə elmi-tədqiqatların aparıldığını diqqətə çatdırıb.
Sonra İngiltərənin Koventri Universitetinin professoru Tomas Lankaster “Ali təhsildə plagiatçılıq” mövzusunda məruzə ilə çıxış edib.
T.Lankaster qeyd edib ki, cəmiyyətin bütün sahələrində uğurların əldə edilməsi məqsədilə qısa yollar axtarmaq və qeyri-qanuni hərəkətlərə yol vermək, plagiatçılıqla məşğul olmaq geniş yayılıb. Belə bir mühitdə bəzi gənc alim və tədqiqatçıların öz məsuliyyətlərini dərk etməyərək elmi fəaliyyətlərini internet və digər mənbələrdən köçürməklə yerinə yetirmələri ciddi narahatlıqlar doğurur.
İngiltərəli alim ali təhsil müəssisələrində plagiatçılıqla bağlı ortaya çıxan problemlər və onların həlli yollarından danışıb. Qeyd olunub ki, ali məktəblərdə plagiatçılığın qarşısının alınması müəllim, tələbə və tədqiqatçıların daxil olduğu elmi etika mədəniyyətinin formalaşdırılmasını zəruri edir.
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Turnitin antiplagiat sisteminin BANM-də tətbiqi” mövzusunda çıxış edib. O, rəhbərlik etdiyi ali məktəb ilə “Turnitin” arasında imzalanmış, bu şirkətin təcrübəsinin öyrənilməsi və Ali Neft Məktəbində tətbiqini nəzərdə tutan əməkdaşlıq müqaviləsi barədə məlumat verib. Həmçinin “Turnitin” sistemi haqqında statistik məlumat, sistemin əsas imkanları, tədrisdə plagiat problemi və BANM-də plagiatçılığa qarşı tətbiq olunan qaydalar barədə məlumatları diqqətə çatdırıb.
ABŞ-ın “Turnitin” şirkətinin mütəxəssisi Katya Levçenko “Müasir antiplagiat texnologiyaları” mövzusunda məruzə ilə çıxış edib.
O, Azərbaycanda bu sahə ilə bağlı elmi fəaliyyəti yüksək dəyərləndirib və təmsil etdiyi qurumun plagiatçılıqla mübarizədə elmi dəstəyə əhəmiyyət verdiyini bildirib. Qonaq “Turnitin” şirkətinin plagiatçılıqla mübarizə üçün nəzərdə tutulmuş proqram məhsullarının hazırlanmasında tətbiq edilən əsas prinsipləri və kompleks yanaşma üsullarını diqqətə çatdırıb, bu istiqamətdə Azərbaycan alimləri ilə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Sonda məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.