İQTİSADİYYAT
Polad istehsalı kompleksinə daxil olan müəssisələrin yaradılmasında xarici şirkətlərin təklifləri dəyərləndirilir
Azərbaycan Polad İstehsalı Kompleksində xammaldan polad istehsalına qədər bir neçə mərhələni əhatə edən müəssisələr yaradılacaq.
Bu barədə kompleksin mərkəzi binasında Yaponiyanın “KOBELCO” şirkətinin beynəlxalq əməliyyatlar departamentinin baş direktor müavini Masahiko Kuvananın rəhbərlik etdiyi nümayəndə heyəti və ABŞ-ın “MIDREX” şirkətinin satış meneceri Aleks Zolotarevlə keçirilən görüşdə məlumat verilib.
QSC-dən AZƏRTAC-a bildiriblər ki, metallurgiya sahəsinin məşhur şirkətlərinin əməkdaşları kompleksin layihə və tikintisi ilə tanış olub, görüləcək işlərlə maraqlanıblar. Sonra “KOBELCO” şirkətinin təkliflərinin təqdimatı keçirilib. Təqdimat mərasimində kompleks üçün təklif olunan avadanlıqların texniki təhlükəsizliyinə, avtomatlaşdırma mərhələlərinə təsirinə dair video materiallar nümayiş etdirilib.
Kompleksin əsas tərkib hissəsi olan birbaşa reduksiya zavodunun tikintisi üçün “MİDREX” şirkətinin təklifləri də maraqla qarşılanıb. “MİDREX” dünyada bu işi yüksək səviyyədə yerinə yetirə bilən iki şirkətdən biridir.
Məlumatda, həmçinin bildirilir ki, Dənəvər istehsalı zavodunun tikintisi üçün isə Yaponiya, Rusiya, İtaliya, Avstriya və Almaniyanın qabaqcıl şirkətlərinin təklifləri də dəyərləndirilir.