CƏMİYYƏT
Polis Akademiyasının məzunları Bakı Şəhər Baş Polis İdarəsinin zabit vəzifələrinə təyin olunublar
Bakı, 24 avqust, AZƏRTAC
Avqustun 24-də Daxili İşlər Nazirliyində (DİN) ötən tədris ilində Polis Akademiyasının əyani şöbəsi məzunlarının Bakı Şəhər Baş Polis İdarəsinin orqan və hissələrində vakant olan zabit vəzifələrinə təyin olunmaları münasibətilə tədbir keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə çıxış edərək təyinatın şəffaf şəkildə, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini bildirib, bu üsulun son illər artıq ənənəyə çevrildiyini vurğulayıb. Nazir qeyd edib ki, Polis Akademiyasının məzunlarının, ali hüquq təhsili almış əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, onlara lazımi qayğının göstərilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir.
Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov nazirliyə Bakı qeydiyyatında olan 53 məzunun dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib.
Sonra püşkatma yolu ilə təyinat keçirilib. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçı olanlar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkib və ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinə təyinat alıblar.
Akademiyanı fərqlənmə diplomu və əla qiymətlərlə bitirmiş 8 məzundan üçü nazirliyin Baş Təşkilati-İnspeksiya İdarəsinə, biri Baş Cinayət Axtarışı İdarəsinə, biri Polis Akademiyasına, üç nəfər isə müstəntiq vəzifələrinə təyin ediliblər.
General-polkovnik Ramil Usubov həyatlarında ən əlamətdar günlərdən biri-orta rəis heyəti vəzifələrinə irəli çəkilmələri münasibətilə gənc əməkdaşları təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polisin adını və şərəfini daim uca tutmağı arzulayıb. Nazir əminliyini bildirib ki, onlar qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, polis andına sadiq olacaq, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edəcəklər.
Gənc zabitlər adından çıxış edən polis leytenantı İlkin Mehdiyev göstərilən diqqətə, qayğıya və yüksək etimada görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib, etimadı doğruldacaqlarını əmin edib.
Püşkatmada iştirak etmiş məzunlar həmin gün daxili işlər nazirinin müvafiq əmrləri ilə orta rəis heyəti vəzifələrinə təyin olunublar.