SİYASƏT
Politoloq: Avropa İttifaqı platformasında səsləndirilən fikirlərin hər biri Azərbaycanın lehinədir
Bakı, 27 may, AZƏRTAC
Prezident İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşünün 5 saat davam etməsi vəziyyətin asan olmadığının, tərəflər arasında ciddi müzakirələrin, fikir mübadiləsinin aparıldığının göstəricisidir. Delimitasiya və demarkasiya haqqında yekun razılıq Avropa platformasında indiki vəziyyətdə və yaxın perspektivdə asan məsələ deyil. Lakin hazırda vacib nüanslardan biri Ermənistanda Nikol Paşinyanın mövqeyinin zəifləməməsi, onun bloku ilə dialoqun davam etdirilməsi nəticəsində Ermənistanın Türkiyə və Qərbə yaxınlaşmağa cəhd etməsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov söyləyib.
Politoloq qeyd edib ki, bu günlərdə delimitasiya komissiyasının Azərbaycan-Ermənistan sərhədində görüşü keçirildi. Xatırladaq ki, may ayında İrəvan iki dəfə sərhəddəki görüşdən imtina etmişdi. Lakin bu görüşdə məcburiyyət qarşısında qaldı. Delimitasiya və demarkasiya həddən artıq vacib məsələ olduğundan Brüssel platformasına mütləq şəkildə qısqanclıqda yanaşanlar olacaq. Bundan əlavə, R. Köçəryan və onun komandasının sərhəddə ciddi təxribatlar törədəcəyi də istisna deyil. Yeri gəlmişkən, biz aprel danışıqlarından sonra müntəzəm olaraq Kəlbəcərdə təxribatların da şahidi olduq. Qarabağ klanının məqsədi Azərbaycan hərbçilərinin ermənilərin təxribatı nəticəsində mümkün irəliləməsi, bununla da N.Paşinyana qarşı çevrilişə zəmin hazırlanmasını ehtimal etmək olar. Lakin Azərbaycan səbirli və soyuqqanlı davranaraq, revanşistlərin istəklərini gözlərində qoydu.
Politoloq vurğulayıb ki, eyni zamanda, tərəflər nəqliyyat əlaqəsinin açılmasının zəruriliyini təsdiq ediblər. Belə ki, Azərbaycan ilə Naxçıvan arasında, həmçinin ölkəmizin ərazisindən Ermənistanın ayrı-ayrı bölgələrinə və iki ölkənin kommunikasiya infrastrukturu ilə beynəlxalq daşımaların tranzitinin idarə olunması barədə əsas prinsiplər də razılaşdırılıb. Bundan əlavə, müzakirə predmetinin Qərbi Zəngəzurda tranzit və kommunikasiyanın hansı qayda ilə həyata keçirilməsi ola bilər. Belə ki, beynəlxalq daşımalar, sərhədlərdə keçid məntəqələrinin xüsusiyyətləri, giriş (torpaq) haqqı, gömrük rüsumları, güzəştli kommunikasiya, nəqliyyat və sair kimi istiqamətlər hər iki dövlətin görüşlərinin əsas mövzularındandır.
“Sülh sazişi və danışıqları uzunmüddətli prosesdir və tez bir zamanda nəticənin əldə edilməsi gözlənilən deyil. Lakin özlüyündə görüşlərdə sülh ifadələrinin istifadəsi müsbət addımdır. Görüşün əsas nəticəsi isə sözsüz ki, N. Paşinyanın məğlubiyyətlə razılaşması və Qarabağ gündəliyinin səsləndirilməməsi ilə bağlı oldu. Bu kontekstdə Avropa İttifaqı və Ermənistan Qarabağın dağlıq hissəsindəki ermənilərin "xalqların müqəddəratı, müstəqillik, siyasi status" kimi ifadələrdən imtina etdilər. Qarabağda yaşayan ermənilər üçün maksimum mədəni strukturlaşmadan söhbət gedə bilər. Bu isə aydın məsələdir ki, reallıqda heç nədir. Yuxarıda sadalananlar onu deməyə əsas verir ki, hazırda Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklər nəqliyyatın yollarının açılması, Qarabağda daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır. Beləliklə, Qərb platformasında səsləndirilən fikirlərin hər biri Azərbaycanın lehinədir.