SİYASƏT
Politoloq: Azərbaycanın həyata keçirdiyi siyasət milli maraqlarımızın təmin edilməsinə yönəlib
Bakı, 9 may, Səadət Hakıyeva, AZƏRTAC
Azərbaycan İkinci Dünya müharibəsində ümumxalq səviyyəsində iştirak edib. Xalqımız öz mərd oğul və qızlarının həyatı, ölkəmizdə fəaliyyət göstərən müəssisələrin gecə-gündüz işləməsi hesabına tarixi Qələbəyə mühüm töhfə verib. 600 mindən çox azərbaycanlı könüllü olaraq cəbhədə döyüşüb, qəhrəmanlıq göstərib və onların yarısı geri qayıtmayıb. Xalqımız yalnız ön cəbhədə deyil, arxa cəbhədə də öz töhfəsini verib. Bakıya sovet rəhbərliyi tərəfindən “Qəhrəman şəhər” statusunun verilməsi heç də təsadüfi deyildi. Azərbaycanlılar faşizm üzərində Qələbənin əldə olunmasında canlarını qoyublar. Əgər Bakı nefti olmasaydı, Qələbənin qazanılması da çox çətin olardı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov söyləyib.
Politoloq deyib ki, Azərbaycan həmin dövrdə dünya miqyasında neft istehsalına görə öndə gedən ölkələrdən biri kimi cəbhənin yanacaqla təmin olunmasında fəal rol oynayıb. Ölkəmizdə silah-sursat istehsal edən müəssisələr də fəaliyyət göstərib. Bir sözlə, ölkəmizdə əsgərlərin qışda isti geyimlə, ərzaq və digər məhsullarla təmin edilməsi istiqamətində mütəşəkkil iş aparılırdı. Adolf Hitlerin planında Bakını ələ keçirmək xüsusi yer tuturdu və o, buna çox can atırdı. Burada məqsəd yalnız neft məsələsi deyildi, həm də Azərbaycan paytaxtının strateji əhəmiyyət kəsb etməsi idi. Bakı Şimal, Cənub, Şərq və Qərb arasında qovşaq rolunu oynayırdı və indi də belədir.
T.Abbasov bəzi hallarda müəyyən qüvvələr tərəfindən İkinci Dünya müharibəsi ilə bağlı həqiqətlərin təhrif olunması məsələsinə də toxunub. Bildirib ki, həqiqətləri təhrif edənlər faşizmi və faşist canilərini qəhrəmanlaşdırmaq məqsədi güdürlər. Bəzi ölkələrdə baş verənlər, İkinci Dünya müharibəsi iştirakçılarının abidələrinə qarşı vandalizm aktı, faşistlərə heykəllər qoyulması nifrət və ikrah hissi oyadır. Təcavüzkar Ermənistanın faşizmə xidmət edən Qaregin Njdenin şərəfinə abidə ucaltması dediklərimizi təsdiq edir.
Politoloq vurğulayıb ki, bu gün Azərbaycan öz müdrik lideri İlham Əliyevin rəhbərliyi ilə praqmatik siyasət yürüdür. Ölkəmiz dünya birliyinin etibarlı üzvü kimi təşəbbüskarlığı, qlobal əməkdaşlığa verdiyi töhfələrlə tanınır. Amma bəzi “qara qüvvə”lər bunu istəmirlər və hər vəchlə Azərbaycana qarşı kampaniya aparmağa çalışırlar. Lakin onların səyləri əbəsdir. Çünki Azərbaycanın konseptual inkişaf kursu özünü doğruldub, insanların rifah halı yaxşılaşıb, bütün sahələrdə irəliləyiş əldə olunub. Azərbaycan bu çətin dövrdə - koronavirus pandemiyası ilə mübarizə şəraitində digər ölkələrə öz yardım əlini uzadır, dəstək göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün, sonra isə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün təşkil edilməsi qlobal əməkdaşlığa töhfə olmaqla bərabər, milli maraqlara xidmət edir. Həm Türk Şurasının, həm də Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycanın humanist təşəbbüsünü yüksək qiymətləndirirlər. Bu təşəbbüslə bütün dünyanı birləşdirən Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə görüşündə üzv dövlətləri daha çətin vəziyyətdə olanlara yardım etməyə çağırdı. Azərbaycan bu təsisatın sədri kimi bütün dünyaya nümunə göstərildi.
Azərbaycanda koronavirusa qarşı aparılan mübarizənin beynəlxalq səviyyədə təqdir olunduğunu və ölkəmizin nümunə göstərildiyini xatırladan politoloq bildirib ki, bu gün 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin müalicəsi üçün istifadədədir. Ölkədə 23 laboratoriya fəaliyyət göstərir. Testlərin sayına görə Azərbaycan lider ölkələr sırasındadır.
Politoloq deyib: “Azərbaycan hər zaman sülh və əmin-amanlıq carçısı olub. Biz heç vaxt başqasının torpağına göz dikməmişik, əksinə, bizim torpaqlarımıza göz dikiblər. Hər zaman qonşularla sülh şəraitində yaşamağa çalışmışıq. Bu gün də belədir. Şimal qonşumuz Rusiya ilə əlaqələrimiz çox yaxşı səviyyədədir. Çünki bu, geosiyasi baxımdan çox mühümdür. Bir-birinə dəstək olmaq, birgə layihələrin həyata keçirilməsi ölkələrimiz arasındakı əlaqələrdə əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində qeyd etdiyi kimi, Rusiyanın Şimal-Cənub dəhlizi ilə yanaşı, Şimal-Qərb nəqliyyat dəhlizinə qoşulması əlaqələrin genişləndirilməsindən xəbər verir. Təbii ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək”.
Azərbaycanda qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində olduğunu bildirən T.Abbasov vurğulayıb ki, neftdən asılılığı aradan qaldırmaq üçün dövlətimiz tərəfindən mühüm işlər görülür. Ölkəmizin ərazisində bütün nəqliyyat-kommunikasiya layihələri praktiki olaraq başa çatdırılıb və bu gün daşımaları artırmaq, Azərbaycanın tranzit imkanlarını genişləndirmək üçün tərəfdaşlarla, qonşularla iş aparılır. Eləcə də kənd təsərrüfatı sahəsinə çox böyük investisiyalar yatırılıb. Elektroenergetika sahəsində elektrik enerjisi mübadiləsi, habelə çoxtərəfli əməkdaşlıq baxımından böyük potensial var.
Politoloq diqqətə çatdırıb ki, ölkəmiz ən böyük və ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərini davam etdirir. Azərbaycana üzv olduğu bütün təşkilatlarda məhz ona görə iştirak edir ki, öz milli maraqlarını maksimum təmin etsin. Otuz ilə yaxındır ki, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir və təcavüzkara qarşı heç bir sanksiya tətbiq edilməyib. Azərbaycan Prezidentinin müsahibəsində də qeyd etdiyi kimi, buna görə hökmən cəza mexanizmi olmalıdır. Bütün ölkələr müasir dünya nizamını şübhə altına almağa deyil, beynəlxalq hüquqa hörmət etməyə borcludurlar.