SİYASƏT


Politoloq: Ermənistan təxribatlar vasitəsilə mövcud status-kvonu qoruyub saxlamağa çalışır

Bakı, 23 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC

Adı işğalçı siyasət və dövlət terroru anlayışları ilə assosiasiya olunan vassal Ermənistanda hakimiyyət dəyişilsə də, rejim öz terrorçu mahiyyətini qoruyub saxlamaqdadır. Paşinyan hakimiyyətinin təcavüzkar ritorikanı, hərbi və diplomatik-siyasi müstəvidə təxribatlarını davam etdirməsi bunun bariz ifadəsidir. Məqsəd, təbii ki, sülh danışıqlarını pozmaq, işğal nəticəsində əldə etdiyi status-kvonu qoruyub saxlamaq və işğalın nəticələrini legitimləşdirməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Nurlan Qələndərli bildirib.

N.Qələndərli diqqətə çatdırıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olsa da, imitasiya naminə danışıqlarda iştirak etmək niyyətində deyil. Reallıq budur ki, Ermənistan münaqişəsinin sülh yolu ilə həllinə maneə yaratmaq üçün beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun gözü qarşısında manipulyasiyalar və ardıcıl təxribatlarını davam etdirir. Məsələn, işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir, eyni zamanda, Azərbaycan xalqına məxsus tarixi və dini abidləri məhv etməklə məşğuldur. İşğalçı ölkənin məqsədli şəkildə qoşunların təmas xətti və dövlət sərhədi boyunca mülki əhalini hədəf alması da açıq təxribatdır. Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatı isə danışıqlar prosesinə birbaşa ciddi zərbədir. Bütövlükdə, görünən və müşahidə olunan mənzərə budur ki, Ermənistan Azərbaycana qarşı yeni təxribatlar planlaşdırır.

Münaqişə zonasında gərginliyin artmasına görə məsuliyyətin birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü deyən politoloq söyləyib ki, Ermənistanın dağıdıcı mövqeyi və təxribatçı hərəkətləri regional və qlobal təhlükəsizliyə də ciddi təhdidlər yaradır. Belə olan halda, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana ciddi təzyiq göstərilməlidir. Beynəlxalq hüquq normaları - BMT-nin nizamnaməsi, bu təşkilatın qəbul etdiyi qərar və qətnamələr, ATƏT-in Helsinki Yekun Aktı da imkan verir ki, işğalçı dövlətə qarşı xüsusi tədbirlər görülsün, hətta sanksiyalar tətbiq olunsun.

“Təcavüzkar dövlət nəzərə almalıdır ki, onun hərbi təxribat cəhdlərinin qarşısını qətiyyətlə alan Azərbaycan öz iqtisadi və hərbi qüdrətinə, yüksək beynəlxalq nüfuzuna güvənir. Ölkəmiz beynəlxalq hüquq normalarında da təsbit olunduğu kimi, hərbi vasitələrdən istifadə edərək öz ərazi bütövlüyünü təmin edəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq”, - deyə politoloq bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.