DÜNYA
Portuqaliyada meşə yanğınlarının söndürülməsi zamanı təyyarə qəzaya uğrayıb
Bakı, 20 iyun, AZƏRTAC
Portuqaliyada meşə yanğınlarının söndürülməsində iştirak edən Canadair təyyarəsi qəzaya uğrayıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, söhbət Pedroqan-Qrandi bələdiyyəsində (Leyriya dairəsi) işləyən təyyarədən gedir. Yanğınların söndürülməsində Portuqaliya ilə yanaşı, İspaniya, İtaliya və Fransadan da təyyarələr iştirak edir. İspaniya Hərbi Hava Qüvvələrindən təyyarənin onlara məxsus olmadığını bildiriblər. Hansı təyyarənin qəzaya uğradığı, ölənlərin olub-olmadığı xilasedicilər hadisə yerinə yetişdikdən sonra aydınlaşacaq.
Təyyarənin Loriseyra və Ouzenda yaşayış məntəqələri arasında düşdüyü bildirilir. Qatı tüstü qəzanın baş verdiyi rayona getməyi çətinləşdirir. Hadisə yerinə xilasetmə helikopteri və iki təcili yardım avtomobili göndərilib. Publico nəşrinin məlumatına görə, Pedroqan-Qrandidə 13 kənd, bundan əvvəl isə Qoyş bələdiyyəsindən 27 kənd təxliyə edilib.
Xatırladaq ki, yanğın ümumilikdə 30 min hektar meşəni məhv edib. Son rəsmi məlumata görə, 64 nəfər həyatını itirib, 150 nəfər xəsarət alıb. Pedroqan-Qrandidə yanğınla mübarizədə 17 təyyarə və 4 helikopter, 1200 yanğınsöndürən, 400-dən çox nəqliyyat vasitəsi iştirak edir.