SİYASƏT


Prezident: Bu 17 il ərzində demişdim ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik

Bakı, 11 noyabr, AZƏRTAC 

Biz bu məsələnin sülh yolu ilə həll olunmasına çalışırdıq. O cümlədən mən 17 il ərzində ölkə başçısı kimi çalışırdım ki, məsələ sülh yolu ilə həll olunsun və bu məsələnin uzanmasının əsas səbəbi də budur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə səsləndirib.

“Beynəlxalq vasitəçilər bizi inandırırdılar ki, bu məsələ sülh yolu ilə həll oluna bilər. Ancaq son bir il ərzində görəndə ki, bizi sadəcə olaraq aldadırlar, sülh prosesi demək olar, iflic vəziyyətə düşmüşdü. Ermənistanın yeni rəhbərliyi qəbuledilməz, zərərli addımlar və ifadələrlə faktiki olaraq danışıqlar prosesini məhv etmişdi və son aylar ərzində bunu heç də gizlətmirdi. Nümayişkaranə elə addımlar atılırdı ki, həm bizə, həm bütün dünyaya göstərsinlər ki, işğal edilmiş torpaqlar əbədi işğal altında qalacaq”, - deyə dövlətimizin başçısı bildirib.

Onların müxtəlif xəritələr dərc etdiyini diqqətə çatdıran Prezident deyib: “Bu xəritələrdə “Dağlıq Qarabağ Respublikası”nın sərhədlərini müəyyən etmişdilər, o sərhədlərin içərisinə bütün işğal edilmiş torpaqlar da daxil idi. Onlar bizim tarixi şəhərlərimizin adlarını dəyişdirmişdilər, yeni eybəcər adlar vermişdilər. Bütün kəndlərimizin adlarını dəyişdirmişdilər. Tarixi-mədəni irsimizi silmək istəyirdilər. Xaricdən erməniləri Şuşaya gətirib məskunlaşdırmaq istəyirdilər. Yeni kommunikasiyaların, yolların çəkilişi nəticəsində o məskunlaşmanı, xüsusilə Arazboyu yerləşən rayonlarda o məskunlaşmanı sürətləndirmək istəyirdilər”.

Dövlətimizin başçısı qeyd edib ki, xaricdə yaşayan ermənilərin maliyyə və siyasi dəstəyi hesabına bir neçə ölkədə bəzi bələdiyyələr artıq “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qərarlar qəbul etmişdilər. Onlar hesab edirdilər ki, bu yollarla həm işğalı qanuniləşdirəcəklər, həm də qondarma kriminal qurumun tanıdılması istiqamətində uğurlar qazanacaqlar.

“Görəndə ki, bizi, sadəcə olaraq, aldadırlar, bizi, müqəddəs yerlərimizi təhqir etməyə çalışırlar, biz sözümüzü dedik və mən bunu gizlətmirdim. Bütün bu dövr ərzində - 17 il ərzində demişdim ki, əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik. Kim nə deyir-desin, bu gün də eyni fikirdəyəm, eyni sözlərimi deyirəm”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.