SİYASƏT
Prezident İlham Əliyev: Biz müharibə dövründə bütün türk xalqının məhəbbətini və həmrəyliyini bir daha gördük
Bakı, 15 iyun, AZƏRTAC
Bu gün Türkiyənin mətbuat nümayəndələri Şuşadadır, onların fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Onlar müharibənin ən təhlükəli anlarında real vəziyyəti əks etdirmək, tamaşaçılara və dünyaya çatdırmaq üçün öz həyatlarını risk altına atırdılar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatında Türkiyə mediasının Vətən müharibəsi dövründə fəaliyyətindən danışarkən söyləyib.
“Mən özüm şəxsən müharibə dövründə bir çox hallarda Türkiyə televiziya kanallarında gedən reportajları izləmişdim və bir daha görürdüm ki, burada təkcə peşəkarlıq məsələləri deyil, burada həmrəylik, sevgi ilə dolu reportajlar verilir. Azərbaycanın haqq səsi, Azərbaycanın haqlı olması dünyaya çatdırılır və ən təhlükəli yerlərdən, bombalar düşdüyü yerlərdən Türkiyənin mətbuat nümayəndələri dərhal oraya gəlmişlər, reportajlar hazırlamışlar. Onlar yaxşı bilirdilər ki, Ermənistan döyüş meydanında qarşımızda duruş gətirmədiyi üçün bizim mülki vətəndaşları uzaqmənzilli raketlərlə, “Toçka-U”, “İskəndər M” raketləri ilə atəşə tutub və bu namərd atəş nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən uşaqlar, qadınlar həlak olmuşlar. Biz müharibə dövründə bütün türk xalqının məhəbbətini, sevgisini, həmrəyliyini bir daha gördük”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu qeyd edən Prezident İlham Əliyev deyib ki, müharibə bir daha bütün dünyaya bunu göstərdi və biz heç vaxt bu dəstəyi unutmayacağıq.