SİYASƏT
Prezident İlham Əliyev: Bizim tarixi qələbəmiz olan aprel döyüşləri münaqişənin həllini yaxınlaşdırır
Bakı, 1 yanvar, AZƏRTAC
2016-cı il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaqdır. 1994-cü ildən bu günə qədər ilk dəfə idi ki, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad edib. Aprel ayında ordumuz erməni silahlı təxribatının qarşısını alaraq düşmənə sarsıdıcı zərbələr vurub və işğal edilmiş torpaqların bir hissəsini azad edib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində səsləndirib və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağının işğalçılardan azad olunduğunu, on minlərlə hektar torpağa indi ordumuzun tam nəzarət etdiyini bildirib.
“Biz şəhidlər də vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq göstərmişdir. Bizim bayrağımız bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır. Azad edilmiş torpaqlarda olarkən Azərbaycan bayrağı altında mən bir daha demişdim ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəkdir. Aprel döyüşləri bizim şanlı tariximizdir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu qələbə münaqişənin həllini yaxınlaşdırır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.