CƏMİYYƏT
Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi Azərbaycan gəncliyi üçün önəmli hadisədir
Bakı, 9 yanvar, Vüqar Qurbanoğlu, AZƏRTAC
Prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi gəncləri çox sevindirdi. Dövlətimizin başçısının bu qərarı gənclərin öz potensiallarına inamlarının artmasına, həmçinin ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin daha da inkişafına mühüm töhfə verəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin təsisçisi Cəmilə Abdullayeva bildirib.
C.Abdullayeva deyib ki, Azərbaycanda könüllülər ciddi uğurlara imza atıblar. “ASAN xidmət”, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” tələbə könüllüləri, miqrasiya könüllüləri, diaspor könüllüləri, könüllü gömrükçülər, aqrar inkişaf könüllüləri və digər bir çox könüllülər mərkəzi və yerli icra hakimiyyəti orqanlarında fəal iştirak edirlər. Könüllülərimiz ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi, birinci Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərdə böyük əmək sərf ediblər.
İctimai Birliyin təsisçisi bildirib ki, Sərəncamda qeyd olunduğu kimi, könüllülük fəaliyyətinin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Könüllülərin öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verdiklərini vurğulayan C.Abdullayeva deyib ki, Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsindən bütün Azərbaycan gəncliyi faydalanacaq. Azərbaycan gənclərinin könüllülük sıralarında təmsil olunması ümumrespublika səviyyəsində daha da geniş vüsət alacaq.