SİYASƏT
Prezident İlham Əliyevin Laçının işğaldan azad olunması münasibətilə xalqa müraciəti Misir KİV-lərinin diqqət mərkəzindədir
Qahirə, 1dekabr, AZƏRTAC
Misir KİV-ləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətinin tam mətnini yayıb.
Ölkəmizin Misirdəki səfirliyinin dəstəyi ilə AZƏRTAC-ın ərəb dilində təqdim etdiyi mətni baş xəbər kimi yerləşdirən “Aldiplomasy”, “Rayetmisr”, “Əlğad” informasiya portalları Azərbaycan Prezidentinin müraciətini dost ölkənin ictimaiyyətinin diqqətinə təqdim edib.
Qeyd olunub ki, dövlətimizin başçısı laçınlıların qısa müddət ərzində öz doğma torpaqlarına qayıdacağı üçün tədbirlər görüləcəyini, ermənilərin bu rayonda dağıtdığı infrastrukturun və evlərin bərpa ediləcəyini bildirib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev qələbə çalan və düşmənin başını əzən Azərbaycanın artıq yeni reallıq yaradığını, kapitulyasiya aktını imzalayan Ermənistan kimi, hər kəsin bu reallıqla barışmalı olacağını vurğulayıb. Əlavə edib ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini yerinə yetirdi, ərazi bütövlüyünü bərpa edərək işğala son qoydu. “Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur”, -deyə Müzəffər Ali Baş Komandan bəyan edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə