REGİONLAR
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı uğurlu gələcəyə aparır
Mingəçevir, 18 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
18 Oktyabr – Dövlət Müstəqilliyi günü ilə əlaqədar Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatı “Müstəqilliyimizin 25 ili - uğurlar, nailiyyətlər” mövzusunda birgə elmi-nəzəri konfrans təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, konfransdan əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılmasında əvəzsiz rolundan bəhs edən filmə baxıblar.
Heydər Əliyev Mərkəzində keçirilən konfransda çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov 25 il öncə müstəqilliyini bərpa edən Azərbaycan dövlətinin həmin dövrdə bir sıra çətinliklərlə üz-üzə qalmasından, eləcə də o illərdə özbaşınalığın, xaos və anarxiyanın hökm sürməsindən, torpaqlarımızın 20 faizinin işğal edilməsindən, 1 milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin düşməsindən danışıblar. Bildirilib ki, yalnız dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyi qorunub saxlanılıb və möhkəmlənib. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasət Azərbaycanı uğurlu gələcəyə aparır.
Konfransda Mingəçevir Dövlət Universitetinin kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru Nizami Zeynalov “Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi edən tarixi şəxsiyyətdir”, YAP Mingəçevir şəhər təşkilatının Gənclər Birliyinin idarə heyətinin üzvü Lamiyə İbrahimova “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi ümummilli lider Heydər Əliyevin dövlətçilik strategiyasının əməli nəticəsidir”, 17 saylı tam orta məktəbin tarix müəllimi Ceyhun Atayev “Azərbaycanın müasir uğurları əsası dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan siyasətin nəticəsidir” mövzusunda məruzə ediblər.