SİYASƏT
Prezidentin köməkçisi: Azərbaycan dünyada ən nadir və ən dəhşətli postmünaqişə şəraiti ilə üzləşib
Şuşa, 27 avqust, AZƏRTAC
Azərbaycan dünyada ən nadir və ən dəhşətli postmünaqişə şəraiti ilə üzləşib. Təəssüf ki, Azərbaycana münasibətdə BMT və onun alt institutları tərəfindən hər hansı bir genişmiqyaslı fəaliyyət yoxdur. BMT-nin ali rəhbərliyi tərəfindən münaqişə başa çatandan sonra regiona hələ də heç bir səfər edilməyib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə Şuşada jurnalistlərə açıqlamasında danışıb.
O vurğulayıb ki, normalda 30 ildən çox davam edən, bu qədər humanitar fəlakətlərə, faciələrə səbəb olmuş postmünaqişə şəraitində BMT-nin ali rəhbərliyi səviyyəsində regiona səfər həyata keçirilməsi, bu münaqişənin həll olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi faktları təqdir edilməli idi. Təəssüf ki, biz BMT rəhbərliyi tərəfindən, - necə ki, 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələri masa üzərində qaldı, - bu məsələdə də hər hansı bir ciddi fəaliyyət müşahidə etmirik.