SİYASƏT
Professor Zakir Avşar: Prezident İlham Əliyevin Münxendəki çıxışı və Vətən müharibəsinin nəticələri bir-birini tamamlayan uğurlardır
Ankara, 14 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasi qərarları, uzaqgörən fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində mühüm nəticələr verib və böyük regional perspektivlərə yol açıb. Bu nəticələr xalqların mehriban yaşayışına, birgə inkişafa, tərəqqiyə və rifaha xidmət edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Zakir Avşar söyləyib.
Siyasi və dövlət xadimi üçün fikir və düşüncələrlə əməli fəaliyyət arasında bağlılığın mühüm xüsusiyyət olduğunu diqqətə çatdıran Professor Zakir Avşar deyib: “Prezident İlham Əliyevin 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş panel müzakirələrdəki, eləcə də bundan əvvəl “Valday” Beynəlxalq Diskussiya Klubunda və Bişkekdə MDB Dövlət Başçılarının Sammitində çıxışları ilə 44 günlük Vətən müharibəsinin tarixi nəticələri bir-birini tamamlayan uğurlardır. Ötən dövrdə baş verənlər bütün dünyaya göstərdi ki, həqiqət ədalətin bərpası üçün mühüm amildir”.
Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində nüfuzlu beynəlxalq media orqanları ilə sıx təmaslarını tarixi proses kimi dəyərləndirən professor Zakir Avşar əminliklə bildirib ki, Azərbaycanın dövlət başçısının müsahibələrində səsləndirdiyi fikirlərdəki ardıcıllıq, səlis ifadə tərzi və dəqiqlik ölkə həqiqətlərinin dünya birliyi tərəfindən qəbul olunmasına əhəmiyyətli dərəcədə təsir göstərib. Prezident İlham Əliyev qətiyyətlə “Qarabağ Azərbaycandır və nida işarəsi” dedi, Azərbaycan xalqı bütün varlığı ilə bu şüarı dəstəklədi və bu taleyüklü deviz gerçəklik kimi tarixə yazıldı.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara