REGİONLAR
QƏBƏLƏ RAYONUNUN NİC KƏNDİNDƏ KARANTİN TƏTBİQ EDİLMİŞDİR
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 28-də Qəbələ rayonunun Nic kəndində saxlanılan və xəstəlikdən tələf olan donuzlardan götürülmüş nümunələrin müayinəsi başa çatmışdır.
Respublika Baytarlıq Laboratoriyasında aparılmış müayinə zamanı donuzların Afrika taunu xəstəliyindən tələf olduğu müəyyən edilmişdir. Bu səbəbdən yanvarın 28-dən Nic kəndində xəstəliyin yerində ləğv edilməsi və yayılmasının qarşısını almaq məqsədi ilə karantin qoyulmuşdur.
Xidmət bu kənddə baytar-sanitar tədbirləri aparılmasına və baytarlıq-maarifləndirmə işlərinə başlamışdır.
Dövlət Baytarlıq Xidməti əhalinin nəzərinə çatdırır ki, ölkəmizdə ilk dəfə olaraq baş vermiş bu xəstəlik tam nəzarət alıtndadır. Ərazidə əlaqədar qurumlarla birgə lazımi tədbirlər həyata keçirilir.