DÜNYA
QABONDA TAPILMIŞ CANLI ORQANİZMLƏRİN QALİQLARI ÇOXHÜCEYRƏLİ VARLIQLARI 200 MİLYON İL “QOCALDA” BİLƏR
Bakı, 2 iyul (AZƏRTAC). İyulun 1-də beynəlxalq alimlər qrupunun “Nature” jurnalında dərc olunmuş məqaləsində bildirilir ki, Qabonun cənub-şərqində aparılan qasıntı işləri zamanı aşkar olunmuş Yer kürəsində 2,1 milyard il əvvəl və ya planetimizin mövcudluğu tarixinin ortalarında yaşamış canlı orqanizm qalıqları çoxhüceyrəli varlıqları təqribən 200 milyon il “qocalda” bilər.
Müasir anlamda heyvanlar təqribən 540 milyon il əvvəl meydana gəlmışdir. Məhz həmin dövrdən torpaq qatlarında müxtəlif qrup nümayəndələrinin daşlaşmış qalıqlarına rast gəlinir. Lakin çoxhüceyrəli varlıqlar, hesab edildiyi kimi, daha əvvəllər əmələ gəlmişlər: onların mövcudluğunun nadir nümunələri əsasən orta proterozoy (1-1,6 milyard il əvvəl) dövrünə aid edilir. Puatye (Fransa) universitetindən Əbdürrəzzaq Əl Albaninin qrupu Qabonun cənub-şərqindəki Fransvill şəhəri yaxınlığında qazıntı işləri zamanı ilkin proterozoy (təqribən 2,1 milyard il əvvəl) dövrünün çoxhüceyrəli həyatını təmsil edə biləcək orqanizm qalıqlarını aşkar etmışdir.
Tədqiqatçılar uzunluğu 7-120 millimetrə, eni isə 5-70 millimetrə bərabər 250-dən çox nümunə toplamışlar. Alimlər bir kvadratmetr sahədən, orta hesabla, 40 nümunə götürmüşlər. Həmin qalıqlar kənarları qoparılmış nahamar səthi olan peçenyeni xatırladır. Alimlər rentgen tomoqrafiyası vasitəsilə varlıqların daxili quruluşunu bərpa etmiş və müəyyənləşdirmişlər ki, onların əksəriyyətində kənarlarda şüaşəkilli strukturlar və “bədənin” mərkəzi hissəsində toxuma qatları olmuşdur. Alimlər bildirirlər ki. qalıqlar, şübhəsiz bioloji mənşəyə malikdir. Qalıqlarda və süxurda rast gəlinən karbon və kükürdün analizinin nəticələri də bunu sübuta yetirir. Qalıqlar, həmçinin Darvinin təsvir etdiyi bugün gülünc görünən mənzərəni dəyişməklə materialları tamamlayır.