MƏDƏNİYYƏT
QALİBLƏRƏ MÜKAFATLAR TƏQDİM OLUNDU
Gürcüstan parlamenti sədrinin müavini Cemal İnaişvili, xarici işlər nazirinin birinci müavini Valeri Çeçelaşviri, xalq müdafiəçisi Sozar Subari və Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Azər Süleymanovun, Gürcüstanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin, soydaşlarımızın təmsilçilərinin iştirak etdiyi mərasimi səfir Namiq Əliyev açaraq, bu mərkəzin Heydər Əliyev Fondunun dəstəyi ilə təmir olunduğunu xatırlatmış, müsabiqəyə çox sayda rəsm təqdim edildiyini və onların ən yaxşılarının Gürcüstan Rəssamlıq Akademiyasının rektoru, professor Georqi Buğadzenin rəhbərliyi ilə nüfuzlu münsiflər heyəti tərəfindən seçildiyini diqqətə çatdırmışdır. Səfir xüsusi vurğulamışdır ki, müsabiqəyə Azərbaycan məktəbləri ilə yanaşı, gürcü məktəbləri şagirdlərinin, eyni zamanda Litvanın Gürcüstandakı səfirliyi tərəfindən litvalı şagirdlərin rəsmləri də təqdim edilmişdir.
Namiq Əliyev sərgi mərkəzinin əsaslı təmirinə, sərginin keçirilməsinə böyük dəstəyə görə Heydər Əliyev Fondunun prezidentii, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Litva səfiri Riçard Diqudis litvalı şagirdlərin rəsmlərinin müsabiqənin ən fəal iştirakçısına - Tbilisidəki M.F.Axundov adına 73 saylı Azərbaycan orta məktəbinə hədiyyə ediləcəyini söyləmişdir.
Gürcüstan parlamenti sədrinin müavini Mixail Maçavariani belə tədbirlərin gürcü və Azərbaycan xalqlarının tarixi köklərinin yaxınlığının nümayişinə çevrildiyini bildirmişdir. O, prezidentlər İlham Əliyev və Mixail Saakaşvilinin bölgədə sülhün, əmin-amanlığın qorunub saxlanması, onun inkişafı yönümündə birgə səylərinin getdikcə daha yüksək vüsət aldığını qeyd etmiş, Gürcüstan-Azərbaycan dostluğunun bütün qonşu ölkələr üçün nümunə olduğunu məmnunluqla vurğulamışdır. Vitse-spiker öz ölkəsinin enerji təhlükəsizliyinin təminatına misilsiz dostluq yardımına görə Azərbaycan rəhbərliyinə, Prezident İlham Əliyevə gürcü xalqının, iqtidarın minnətdarlığını ifadə etmişdir.
Sonda N.Əliyev müsabiqənin qaliblərinə mükafatları təqdim etmişdir. Tbilisidəki 64 saylı məktəbin Azərbaycan bölməsinin IX sinif şagirdi Babək Bayramov birinci, Tbilisidəki 73 saylı Azərbaycan orta məktəbinin X sinif şagirdi Almaz Maşov və Marneuli rayonunun Sadaxlı kəndindəki 1 saylı orta məktəbin VI sinif şagirdi Sultanə Bayramova ikinci mükafata, üç rəsm üçüncü mükafata layiq görülmüşdür.