İQTİSADİYYAT


QDİƏT üzvləri İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də "Bakutel-2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi-Konfransı çərçivəsində Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə iclası keçirilib.

Tədbirdə QDİƏT-ə üzv dövlətlərin müvafiq sahə üzrə rəhbərləri, beynəlxalq təşkilat və qurumların yüksək vəzifəli nümayəndələri iştirak edib.

AZƏRTAC xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə QDİƏT yarandığı gündən İKT sahəsinin təşkilata üzv ölkələr arasında iqtisadi münasibətləri stimullaşdıra bilən prioritet istiqamət kimi müəyyənləşdirildiyini deyib: "Bugünkü görüşü biz regionumuzda İKT sahəsində əməkdaşlığın nəticələrinin müzakirəsi və perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan hesab edirik. Rəqəmsal texnologiyalar xüsusilə inkişaf etməkdə olan ölkələrin inkişafının sürətləndirilməsi və onların qlobal iqtisadiyyata inteqrasiyası üçün əlverişli və çevik imkanlar yaradır. Azərbaycanda yüksək texnologiyalar, o cümlədən İKT sahəsinin inkişafı ölkənin iqtisadi və hərtərəfli inkişafı üzrə dövlət siyasətinin prioritet istiqamətidir. Bu gün Azərbaycanda uzunmüddətli inkişaf istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsidir. Bu məqsədlə rəqəmsal iqtisadiyyatın formalaşdırılması ilə yanaşı, hazırda rəqəmsal hökumətə keçid üzrə Fəaliyyət Planı hazırlanır. O cümlədən, İKT infrastrukturunun inkişafına xüsusi diqqət yetirilir".

E.Vəlizadə bildirib ki, 2020-ci ilədək Azərbaycanın İKT-nin inkişafı üzrə strateji baxışları informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyada öz əksini tapıb. Bu sənəddə müasir stasionar və mobil rabitə texnologiyalarının tətbiqinin genişləndirilməsi, İKT-dən istifadənin artırılması, müxtəlif xidmətlərin göstərilməsi üçün internet resurslarının tutumlarının çoxaldılması, informasiya cəmiyyətinin tələbatının ödənilməsi və rəqəmsal iqtisadiyyatın formalaşdırılmasına kömək nəzərdə tutulur.

Nazir müavini qeyd edib ki, Azərbaycan Respublikası bu gün etibarlı və stabil tərəfdaş kimi geniş beynəlxalq əməkdaşlığa aktiv cəlb olunub və iri regional layihələrin həm təşəbbüskarı, həm də iştirakçısıdır. "Əminəm ki, bugünkü görüşdə müzakirə edilən məsələlər və onlarla bağlı qəbul edilən qərarlar gələcəkdə QDİƏT-ə üzv ölkələrdə İKT-nin inkişafına xidmət edəcək", - deyə E.Vəlizadə diqqətə çatdırıb.

Daha sonra iclasda QDİƏT regionunda İKT sahəsində əməkdaşlığın mövcud vəziyyəti və yeni əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbirin yekunu olaraq QDİƏT regionunda İKT sahəsində əməkdaşlıq haqqında Bakı Birgə Bəyannaməsi qəbul edilib.

Eyni zamanda, nazirlər iclasından əvvəl dekabrın 3-də ekspertlər səviyyəsində QDİƏT-in informasiya və kommunikasiya texnologiyaları üzrə İşçi Qrupunun iclası keçirilib. İşçi Qrupun iclasında 35-dək, nazirlər iclasında isə 50-dək nümayəndə iştirak edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən etibarən QDİƏT-in təsisçi üzvüdür. Baş Qərargahı İstanbul şəhərində yerləşən təşkilatın 12 daimi və 17 müşahidəçi üzvü var.

2018-ci ilin iyulundan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına Azərbaycan sədrlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.