İQTİSADİYYAT
QURAŞDIRMA İŞLƏRİ BAŞA ÇATDIRILMIŞDIR
Bakıdakı 1 nömrəli istilik-elektrik mərkəzində ikinci qaz turbininin quraşdırılması başa çatdırılmışdır. Hazırda burada buraxılış-sazlama işləri görülür.
Müəssisədə yeni texnoloji avadanlığın quraşdırılması işlərini Almaniyanın “Simens” şirkətinin və “Azərenerji” səhmdar cəmiyyətinin mütəxəssisləri birlikdə görürlər.
Stansiyanın ikinci növbəsini bu ilin oktyabrında işə salmaq nəzərdə tutulur.
“Azərenerji” səhmdar cəmiyyətində bildirmişlər ki, 1 nömrəli istilik-elektrik mərkəzi və “Şimal” dövlət rayon elektrik stansiyaları tam gücü ilə işə düşdükdən sonra Abşerona Mingəçevir və Əlibayramlıdan elektrik enerjisinin nəql edilməsinə ehtiyac qalmayacaqdır. Beləliklə də uzaq məsafədən elektrik enerjisi nəql olunarkən yol verilən 15 faiz enerji itkisinin qarşısı alınacaqdır.