CƏMİYYƏT


Qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal blogerlər məlum oldu

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin məqsədi ailə dəyərlərinin, qadın və uşaq hüquqlarının sosial şəbəkələrdə təbliği, bu istiqamətdə ictimai fəal gənclər ilə əməkdaşlığın qurulması, zorakılıq, uşaq nikahları, insan alveri, narkomaniya və digər mənfi hallar ilə bağlı mübarizə istiqamətində edilən çağırışların geniş kütləyə çatdırılması, görülən işlərlə bağlı məlumatların cəmiyyətə düzgün ötürülməsi, ailədaxili münasibətlərin tənzimlənməsində yeni innovativ imkanların təşviqidir.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media nümayəndələri və blogerlər iştirak ediblər.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, pandemiya dövründə də komitə tərəfindən blogerlərlə bir neçə dəfə görüşlər keçirilib. Bloger sahəsinin yeni olduğunu və çevik şəkildə irəlilədiyini deyən komitə sədri qeyd edib ki, bu sahəyə diqqəti cəlb etmək lazımdır.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Rahu Şirinova təqdimatla çıxış edərək deyib ki, rəqəmsal və sosial media ekspertlərinin araşdırmalarına görə, insanlar gündəlik sıxıntı və stresdən azad olmaq üçün bu gün həyatımızda mühüm yeri olan sosial şəbəkələrdən istifadə edirlər. Lakin buna baxmayaraq, məlum olub ki, insanlar sosial şəbəkələrdən intensiv istifadə etdikdə daha çox sıxıntı və stres keçirirlər. Bundan ən çox əziyyət çəkən isə qadınlardır.

R.Şirinova qeyd edib ki, dünyada sosial şəbəkələrdən istifadə edənlərin sayı ildən-ilə artır. Bu isə mənfi tendensiyalara gətirib çıxarır.

Mətbuat Şurasının İdarə Heyətinin sədri Rəşad Məcid bu gün informasiya məkanının genişləndiyini və burada sosial media fəallarının, blogerlərin ictimai fikrə daha çox təsir göstərdiklərini bildirib. O, sosial media istifadəçilərini azyaşlıların həyatına zərər verəcək paylaşımlar etməməyə çağırıb.

Müsabiqənin yekununda ən fəal blogerlər plaket, diplom və hədiyyələrlə mükafatlandırılıb.

Fidan Nizamova birinci, Salih Nəsirov ikinci, Regina Nemətova isə üçüncü yerləri tutublar.

Sonda xatirə şəkli çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.