İQTİSADİYYAT
Qadınları təmsil edən birliklər və təşkilatlar qadın sahibkarları narahat edən məsələləri ictimailəşdirə bilərlər
Bakı, 13 dekabr, AZƏRTAC
Qadınları təmsil edən birliklər və təşkilatlar qadın sahibkarları narahat edən məsələləri ictimailəşdirə bilərlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 13-də qadın sahibkarlar üçün akselerator proqramının təqdimatında çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
N.Səfərov bildirib: "Azərbaycanda sahibkarlığın inkişafına böyük önəm verilir və bu istiqamətdə mühüm işlər görülür. Ölkə iqtisadiyyatında regionların inkişafına böyük önəm verilir. Son illərdə iqtisadi fəallığın dəstəklənməsi istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Qadınları təmsil edən birliklər, təşkilatlar qadın sahibkarları narahat edən məsələləri ictimailəşdirə bilərlər. Kiçik və orta biznesin dəstəklənməsi ilə bağlı çoxlu qanunvericilik aktları qəbul olunub. Onların bir çoxu qəbul olunub, bəzilərinin isə qəbul olunması istiqamətində işlər həyata keçirilir. Qanunvericilik bazası önəmlidir, çünki hər bir sahədə fəaliyyət göstərən sahibkarlar, xüsusilə qadın sahibkarlar bilməlidir ki, dövlətin siyasəti nədən ibarətdir, dövlət bu prosesləri necə yönəldir, hansı dəstək və təşviq mexanizmləri var".