CƏMİYYƏT
“Qafqaz Albaniyası: tarix, din və memarlıq” adlı beynəlxalq elmi konfrans keçirilib
Bakı, 26 may, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) AMEA-nın Tarix İnstitutu, Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə mayın 26-da “Qafqaz Albaniyası: tarix, din və memarlıq” mövzusunda onlayn formatda beynəlxalq elmi konfrans keçirilib.
BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq konfransda Azərbaycan, Almaniya, Norveç, Fransa, İtaliya, Türkiyə, Rusiya, Litva və Gürcüstandan tədqiqatçı alimlər iştirak ediblər.
AMEA-nın Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovun moderatorluğu ilə keçən beynəlxalq konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək, Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan və BMT tərəfindən tanınan Azərbaycan ərazilərində etnik təmizləmənin və soyqırımının həyata keçirilməsi, 60-dan çox məscidin, 200-ə yaxın ziyarətgahın dağıdılması və ya təhqir predmetinə çevrilməsi, eləcə də Alban xristian məbədlərinin saxtalaşdırılaraq qriqoryanlaşdırılması, yaxud dağıdılması, Xocavənd rayonu ərazisindəki pravoslav kilsəsinin ermənilər tərəfindən talan edilməsi faktına diqqət yetirib. M.Qurbanlı ermənilərin bütün bu cinayətkar əməlləri ilə “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərini kobud surətdə pozmasını qeyd edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edərək bildirib ki, dünyanın müxtəlif ölkələrindən olan araşdırmaçılar tərəfindən Qafqaz Albaniyasının tarixinin tədqiq edilməsi çox yaxşı haldır, bu qədim ölkənin tarixinin saxtalaşdırılmasının qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, bu sahədə Azərbaycanın və xarici ölkələrin alim və tədqiqatlarımızın əməkdaşlığının artırılmasına da böyük ehtiyac var. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bütün xarici və yerli mütəxəssislərə çağırış edərək bildirir ki, Qafqaz Albaniyasının tarixinin araşdırılması barədə fəaliyyətin layihələndirilməsini və bu sahədə müxtəlif yardımların göstərilməsini dəstəkləməyə hazırıq.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək bildirib ki, hələ sovetlər dönəmində Qafqaz Albaniyasının tarixinin araşdırılmasına qonşularımız tərəfindən, yumşaq desək, qısqanclıq var idi. Onların bu ərazilərə iddiaları o zamanlardan mövcud idi. Ermənilər tərəfindən son 30 il ərzində isə bu ərazilərdə təkcə Alban xristian abidələri deyil, həm də İslam abidələri saxtalaşdırılıb və ya talan olunaraq məhv edilib. UNESCO və digər müvafiq beynəlxalq qurumların tarixi abidələrin təhrif edilərək dəyişdirilməsi və talan olunması faktlarına diqqəti çəkilməlidir. Çünki dağıdılan, saxtalaşdırılan tarixi abidələr təkcə bizim deyil, həm də bəşəriyyətin maddi-mənəvi irsidir.
Sonra beynəlxalq elmi konfrans iki panel formatında fəaliyyətini davam etdirib. Konfransda xarici alimlərdən Höte adına Frankfurt Universitetinin Empirik Dilçilik İnstitutunun müqayisəli dilçilik üzrə professor, dilçi, yazıçı Jost Gippert (Almaniya) “Qafqaz Albanlarının ayinləri: Sinay Palimpsestlərindən yeni baxış”, Oslo Universitetinin professoru, filologiya elmləri doktoru Byorn Vegge (Norveç) “Qafqaz Albaniyasının Apostol kilsəsinin tarixinə nəzər”, Qafqaz Dilləri və Filologiyası Tədqiqat Mərkəzinin direktoru, professor Jil Utye (Fransa) “Alban-Udi dili ilə qohum dillər arasındakı fərqlər və oxşarlıqlar”, İvan Cavaxişvili adına Tbilisi Universitetinin Dilçilik İnstitutunun tədqiqatçısı, filologiya elmləri doktoru, professor Roman Lolua (Gürcüstan) “Moisey Xorenlinin mənşəyi problemi və Qafqaz-Alban yazıları”, memar, Trento Universitetinin müəllimi Paolo Zammatteo (İtaliya) “Sərhədlərin kənarında. Xudavəng monastırının (Kəlbəcər) bədii və mədəni perspektivi”, İtaliyanın Merano şəhərində Nikolayevski pravoslav prixodunun baş keşişi, kilsə tarixi üzrə elmlər doktoru (Pontificio Istituto Orientale/Papa Şərq İnstitutu) İqumen Aleksiy (Nikonorov) “VI əsrdə alban kilsəsi yeparxiyası” mövzuları ilə çıxış edib.
Konfransda Azərbaycan tərəfindən AMEA-nın Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov (“Albanşünaslığın tarixi: xronoloji-problem təhlili”), Tarix İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova (“Qarabağ - qədim Azərbaycan torpağıdır”), Alban-Udin Xristian İcmasının sədri Robert Mobili (“Alban-Udi dini icması Azərbaycanda alban-xristian kilsəsinin varislərindən biri kimi”), AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva (“Azərbaycanın Tərtər bölgəsinin alban tarixi və mədəni iris”), Azərbaycan Dövlət İqtisad Universitetinin Multikulturalizm Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva (“Müqəddəs Yeliseyin Qafqaz Albaniyasındakı son dayanacağı: Zərqun Vadisi (miflər və həqiqətlər))” və ölkənin elmi mərkəzlərində çalışan alimlər çıxış ediblər.
Elmi konfransın keçirilməsində məqsəd Qafqaz Albaniyası haqqında həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılmasına töhfə verməkdir.