REGİONLAR


Qanlı dərədə ermənilərə, Sarvan stansiyasında bolşeviklərə meydan oxuyan Qaçaq Mayıl VİDEO

Quba, 16 fevral, Elxan Yusifli, AZƏRTAC

Azərbaycanın şimal bölgəsində Qaçaq Mayıl adı çox məşhurdur. Ermənilərə və bolşeviklərə qarşı mübarizəsi ilə tanınan Mayıl Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ilə yaxın münasibətdə olub, hətta Türkiyə İstiqlal Müharibəsində də savaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qaçaq Mayıl kimi tanınan Zahirov Mayıl Zahir oğlu - XIX əsrdə qaçaq hərəkatının Azərbaycanın şimal bölgəsindəki lideri, ermənilərin və XI Qızıl Ordunun Azərbaycanın müxtəlif rayonlarına, o cümlədən Qubaya hücumlarının qarşısını alan ən mühüm şəxslərdən biri olub.

O, XIX əsrin 60-cı illərində Quba qəzasında, Qonaqkənddə dünyaya gəlib. El arasında igidliyi və mərdliyi ilə ad çıxaran Mayıl 1915-ci ildə Qonaqkənd nahiyəsinin yüzbaşısı seçilir. Bu dövrdə mahalın Xaltan, Cimi, Buduq, Rük, Mücü kəndləri ona tabe idi. Səsvermə mahalın din xadimlərinin, ağsaqqallarının və hörmətli şəxslərinin iştirakı ilə rənglənmiş qozları sərnicə (mis qab) atmaq yolu ilə aparılıb. Yüzbaşı vəzifəsi Quba qəzasına nəzarət edən çar nümayəndəsinin təqdimatı əsasında Tiflis şəhərində yerləşən Qafqaz canişinliyində rəsmən təsdiq edilirdi.

Haqqı-nahaqa vermədiyi, mərd insanları ətrafına yığdığı və onlara arxalandığı üçün Mayılın çoxlu düşmənləri ortaya çıxmışdı. Düşmənçilik edənlər ona qarşı açıq silahlı mübarizə aparırdılar. Mayıl düşmənlərinin çox olmasını nəzərə alıb dağların döşündəki Xaşı kəndində iqamətgah tikdirərək orada yaşayıb.

Qaçaq Mayıl dəfələrlə erməni-bolşevik quldur dəstələrinə qarşı döyüşlərdə qələbə qazanıb. 1918-ci ildə əvvəlcədən qurulmuş plana görə, daşnak qoşunu Şamaxını tutduqdan sonra dağlardan keçən Xaltan yolu ilə Qubaya gəlməli idi. Lakin onların bu mənfur planlarının qarşısı alınır. Qonaqkəndli Qaçaq Mayıl öz dəstəsini vaxtında səfərbər edərək düşmənin irəliləməsinə imkan vermir. Bu mübarizədə Nügədili Əbülfəzin və Ləzgi İsmayılın dəstələri də ona qoşulub.

Quba qəzasında qırğınlar törətmiş Amazaspın arzusu Üçgün və Kilit kəndlərinə keçərək Şah dağına çatmaq idi. Amma Amazaspın bu arzusu ürəyində qaldı. Digah kəndi ərazisində indi Qanlı dərə adlanan yerdə Möhübəli Əfəndinin, Hatəm Ağanın, Əli bəy Zizikskinin, Bəybala bəy Alpanskinin və Qaçaq Mayılın birləşmiş dəstələri daşnaklarla qanlı döyüşə girib onları məhv ediblər.

Qaçaq Mayılın Azərbaycan Xalq Cümhuriyyətinin fəalları ilə sıx əlaqəsi və dostluq münasibətləri olub. Mayılın şəxsən Məhəmməd Əmin Rəsulzadə ilə yaxın dostluq münasibətləri olduğu bildirilir. Rəsulzadə Lahıcda olduğu vaxtlarda Mayıl daim onun vəziyyəti ilə maraqlanıb, ona yardım edib. Onun, həmçinin M.Ə.Rəsulzadənin Azərbaycanı tərk etməsində iştirak etdiyi bildirilir.

1920-ci illərdə rus-bolşevik ordusunun dəstələri Azərbaycan Xalq Cümhuriyyətini devirmək məqsədilə ölkə ərazisini Samur çayından keçəndə onlara qarşı ilk müqaviməti Qaçaq Mayılın dəstələri (oğlanları Osman və İbrahim də daxil olmaqla) göstərib. Ağır döyüşlər indiki Şabran rayonun Sarvan ərazisində baş verib.

Belə ki, Yalama stansiyasında döyüş bitdikdən sonra Qaçaq Mayılın rəhbərliyi ilə Sarvan stansiyasında relslər sökülüb. Silahlılar əlverişli mövqe tutub. Qırmızı ordunu gətirən qatarın hərəkəti dayandırılıb və bununla da qızğın döyüş başlayıb. Pulemyotlardan atəş açan rus əsgərləri qısa vaxt ərzində dağınıq halda hücum edən yerli əhalini sıxışdıra bilir. Dəstəyə rəhbərlik edən Mayıl məğlub olduqlarını görərək, sağ qalanlarla birlikdə Babadağa çəkilir.

Mayıl təslim olması barədə təkliflərə rədd cavabı verir. O, təslim olmadıqca, ətrafına toplaşanların sayı artmağa başlayır. Quba İcraiyyə Komitəsinin rəhbəri Hüsü Hacıyev 4 nəfərlə birbaşa Qonaqkəndə, Mayılın görüşünə yollanır. Qaçaq Mayıl qonaqların şərəfinə süfrə açdırır. Bu görüşdə Hüsü Hacıyev rəsmi əmrlə möhürlənmiş məktubu Mayıla təqdim edir. Qaçaq Mayıl ətraf dağların nəzarətçisi təyin edilirdi. Amma Mayıl təklifə rədd cavabı verir.

Hüsü Hacıyevin əliboş qayıtması mərkəzi hakimiyyəti narazı salır. İşi bitirmək üçün NKVD-yə tapşırıq verilir. Qaçaqların arasındakı casus xəbər verir ki, 1924-cü il mayın 24-ü Mayıl Dədəgünəş dağına Həzrət Baba ziyarətgahına gedəcək. Babadağda son ziyarətini edən Qaçaq Mayıl geri qayıdarkən Utuq dərəsində pusquya salınır. Qarşıdakı qayalıqlardan hədəfə alınan Mayıla iki güllə dəyir. Qaçaq Mayıl Xaşı kəndinə dəfn olunub.

Mayıl qətlə yetiriləndən sonra Qonaqkənd ərazisinə sovetlərin bayrağını sancmaq mümkün olur. Bu ərazi Azərbaycanda Sovet hökumətinin ən gec bərqərar olduğu yaşayış məntəqələrindən sayılır.

Mayıl Zahirov təkcə Azərbaycanın müstəqilliyi deyil, qardaş Türkiyənin istiqlaliyyəti uğrunda da vuruşub. Qaçaq Mayıl və onun dəstəsi 1921-ci ildə Şərqi Anadoluda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib.

Qaçaq Mayılın üç qız, dörd oğlan övladı olub. Mayılın öldürülməsindən sonra sağ qalan üç oğlu Babadağa çəkilib və burada mübarizəni davam etdirib. Uzun mübarizədən sonra qardaşlar həbs edilir. Məhkəmənin qərarı ilı hər üç qardaşı sürgünə yollayıblar. Uzun illər sonra qardaşlar Azərbaycana qayıdaraq müxtəlif rayonlarda, başqa adlarla yaşasalar da, bu hamıdan gizli saxlanılıb.

Qaçaq Mayılın qızı Seyrə Zahirova Sumqayıt şəhərində yaşayıb. Beş övladı və nəvələri var.

Təngə dərəsi adlanan ərazidə sıldırım qayalıqda yerləşən mağara Qaçaq Mayılın əsas istehkamlarından sayılır. Bura Qubaya gələn turistlərin ən çox ziyarət etdiyi məkanlardandır.

Qaçaq Mayılın Qonaqkənddəki mülkü qorunub saxlanılıb. Amma evdə yaşayış olmadığından baxımsız vəziyyətdədir. Qonaqkənd sakinləri bu evin təmir olunaraq xatirə muzeyi kimi fəaliyyət göstərməsini arzulayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.