ELM VƏ TƏHSİL
Qara Dəniz Universitetləri Şəbəkəsi ilə BANM-in əlaqələri genişlənir
Bakı, 4 oktyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qara Dəniz Universitetləri Şəbəkəsinin baş katibi, professor Eden Mamut ilə görüşüb.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rektoru Elmar Qasımov rəhbərlik etdiyi təhsil müəssisəsinin 2013-cü ildən Qara Dəniz Universitetləri Şəbəkəsinin (BSUN) üzvü olduğunu xatırladıb. Rektor qonağa ali məktəb barədə ətraflı məlumat verib. Təhsil müəssisəsində qısa müddətdə görülən işlərdən və aparılan islahatlardan söz açan E.Qasımov buradakı tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən danışıb.
Rektor BANM-in dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları, beynəlxalq şirkət və qurumlarla əlaqələrinin yaradılması, inkişafı və genişlənməsi istiqamətində görülən işlərdən söz açıb. O, Qara Dəniz Universitetləri Şəbəkəsi ilə BANM-in əməkdaşlığının davam etdiriləcəyinə əminliyini bildirib.
E.Mamut təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. O, Qara Dəniz Universitetləri Şəbəkəsinin Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının ona üzv olan 12 ölkənin (Azərbaycan, Türkiyə, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Ukrayna və s.) yüzdən çox universitetini birləşdirdiyini xatırladıb. Təşkilatın Qara Dəniz Regionunda universitetlər arasında elmi əməkdaşlıq çərçivəsində əlaqələrin qurulması məqsədilə yaradıldığını nəzərə çatdıran E.Mamut BANM-lə əlaqələrin genişləndirilməsi və gələcək inkişaf perspektivləri barədə danışıb.
Sonra qonaq BANM-in yeni kampusunda yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, 2013-cü il noyabrın 7-8-də Qara Dəniz Universitetləri Şəbəkəsinin İcraçı Şurasının iclasında BANM şəbəkənin Nizamnaməsinin tələblərinə cavab verdiyinə görə bu təşkilata üzv qəbul edilib.
Qara Dəniz Universitetləri Şəbəkəsi Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının tövsiyəsi əsasında Qara Dəniz Regionu rektorlarının 1998-ci ildə Konsanta (Rumıniya) şəhərində keçirilmiş ikinci konfransında təsis olunub.