SİYASƏT
Qarabağ Azərbaycanın qəlbidir, biz həmin qəlbi dayanmağa qoymayacağıq
Vyana, 8 aprel, AZƏRTAC
Avstriyadakı Azərbaycan icmasının nümayəndələri son günlərdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş gərginliklə əlaqədar aprelin 7-də ATƏT-in bu şəhərdə yerləşən katibliyi qarşısında etiraz aksiyası keçiriblər.
Avstriya Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəhbəri Yardım Günəş mətbuat üçün verdiyi açıqlamada bildirib ki, ermənilərin Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin uzun tarixi var. O, 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı və ötən əsrin 90-cı illərində onların müstəqilliyini yeni bərpa etmiş Azərbaycana arxadan zərbə endirərək, torpaqlarını işğal etməsi, günahsız insanları qətlə yetirməsini bu siyasətin bariz təzahürləri kimi qiymətləndirib.
“Ermənilər azərbaycanlıların ana torpağı Qarabağı xaincəsinə işğal ediblər. Bir milyondan artıq insan öz vətənindən didərgin düşüb. Bu insanlar öz ana torpaqlarına geri qayıtmağı gözləyərkən, ermənilər öz xain əməllərini davam etdirərək, bu günlərdə mülki əhalini və kəndləri şiddətli şəkildə atəşə tutmağa və bombalar yağdırmağa başlayıb. 20 ildən artıqdır ki, biz öz torpaqlarımızın erməni zülmündən azad edilməsi üçün danışıqlar aparırıq. Bu illər ərzində ermənilər təəssüf ki, müzakirələri həmişə mümkünsüz və çətin hala gətirirlər. Bu gün artıq Azərbaycanın səbir kasası daşıb. Hansı yolla olursa-olsun, biz Qarabağı geri qaytarmalıyıq. Bir bədəndə qəlb dayanarsa, həmin bədən məhv olar. Qarabağ da Azərbaycanın qəlbidir, biz həmin qəlbi dayanmağa qoymayacağıq, doğma torpaqlarımızı düşmən tapdağından xilas edəcəyik”, - deyə Yardım Günəş vurğulayıb.
Avstriyadakı Azərbaycan icmasının ağsaqqallarından Orxan Ciftçi isə bildirib ki, son günlərdə erməni təxribatları aramsız olaraq davam edib, dinc insanlarımız düşmən gülləsinin hədəfində olub. Ermənistan ordusu bu təxribatlarının layiqli cavabını aldı. Ordumuz inamlı qələbələr qazandı. O deyib: “Beynəlxalq hüquq və beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər bizim haqq işimizin tərəfindədir. Əminəm ki, biz öz torpaqlarımızı düşmən işğalından azad edəcəyik. Bu gün biz Azərbaycan icması olaraq Vyanada erməni təcavüzünü qınamaq üçün etiraz aksiyası keçirdik və bundan sonra da öz haqq səsimizi beynəlxalq təşkilatlara çatdırmaq üçün fəaliyyətimizi davam etdirəcəyik”.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana