İDMAN
“Qarabağ” klubu ölkə çempionatlarında 250-ci ev qələbəsini qazanıb
Bakı, 17 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Topaz Premyer Liqasının dördüncü turu “Qarabağ” üçün əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, Ağdam klubu Topaz Premyer Liqasının dördüncü turunda “Sumqayıt” komandasını qəbul edib. Görüş 1:0 hesabı ilə “Qarabağ” klubunun qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 21-ci dəqiqədə Filip Ozoviç olub. Bu, Qurban Qurbanovun yetirmələrinin ölkə çempionatlarında öz meydanında keçirdiyi 370-ci matçda 250-ci qələbəsi olub. “Qarabağ” Azərbaycan klubları arasında rekord göstəriciyə malikdir. Ağdam təmsilçisinin bu statistikaya görə, ən yaxın izləyicisi “Neftçi” (236) və “Kəpəz” (173) klublarıdır.
Qeyd edək, Topaz Premyer Liqasının dördüncü turundan sonra turnir cədvəlinə 10 xalla “Neftçi” başçılıq edir. Ondan bir xal az toplayan debütant “Sabah” ikinci yerdədir. Bir oyun az keçirən ölkə çempionu “Qarabağ” 7 xalla üçüncü yerdə qərarlaşıb. Aktivində dörd xalı olan “Qəbələ” isə dördüncüdür. Turnir cədvəlində digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (4), “Səbail” (4), “Zirə” (3) və “Keşlə” (1) qərarlaşıblar.