MƏDƏNİYYƏT


Qarabağ xanlığına mənsub olan görkəmli şəxsiyyətlərin məqbərələri

Bakı, 27 aprel, AZƏRTAC

Qədim və orta əsrlərdə Şərqdə nüfuzlu xan, bəy və hökmdar ailələri və nəslinin nümayəndələri xüsusi qəbiristanlıqda dəfn ediliblər. Onların dəfn olunduğu qəbiristanlıqlar məqbərə və ya türbə adlandırılıb. Qarabağ xanlığının nümayəndələri də həmin ənənəyə uyğun olaraq müxtəlif regionlarda ailə qəbiristanlıqlarında torpağa tapşırılıb.

Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyevin AZƏRTAC-a verdiyi məlumata görə, Ağdam şəhərinin mərkəzində Cavanşirlər nəslinə - Qarabağ xanlarına, onların əcdadlarına, övladlarına və qohumlarına məxsus olan ailə qəbiristanlığı İmarətdə yerləşirdi. “Barlı bağ” adlanan həmin məkanda ilk dəfə olaraq Qarabağ hakimi Pənahəli xan Cavanşirin atası İbrahimxəlil ağa dəfn edilib: “Burada Pənahəli xanın və onun övladlarının qəbirləri üzərində yonulmuş daşlardan uca günbəzlər tikilmişdi. Qapıları tağbənd şəklində olmuşdu, ətraflarında isə uca çinar ağacları vardı. Deyilənə görə, həmin ağacları xan özü əkdirmişdi.

İran hökmdarı Ağa Məhəmməd şah Qacar 1795-ci ildə Şuşa qalasını ala bilməyib geri çəkilərkən qoşunlarına istirahət vermək üçün Ağdam yaxınlığında düşərgə salıb. Bir ay orada dincələndən sonra Tiflis üzərinə yeridi və İbrahimxəlil xandan heyfini almaq üçün onun dədə-baba qəbiristanlığını yerlə-yeksan eləyib, qəbirləri dağıtdı.

Qarabağın üçüncü xanı Mehdiqulu xan Cavanşir sonralar qəbiristanlığı abadlaşdırmış, qəbirlərə vəqf olaraq ehsan üçün bağ saldırmış, onu hər tərəfdən daş hasara aldırmış və böyük buzxana düzəltdirmişdi. Elat zamanı, aran yerlərdə yaşayanlar hər il yayda biçin vaxtı və xəstələri üçün buradan buz aparardılar.

Ailə qəbiristanlığında İbrahimxəlil xan, onun qardaşları Mehrəli ağa və Talıbxan bəy, Mehdiqulu xan, podpolkovnik Kərim xan Cavanşir, Xurşidbanu Natəvan, onun oğlanları Mehdiqulu xan Usmiyev, Mirabbas, Qəmər bəyim, Xan qızının kürəkəni Əmənulla xan Naxçıvanski, Qəzənfər ağa Cavanşir və başqaları dəfn olunmuşdular”.

Tədqiqatçı-jurnalist daha sonra deyib: “Qarabağda Goran kəndinin ətrafında yerləşən böyük qəbiristanlıqda XIX əsr Azərbaycan memarlığının nümunəsi olan dördü böyük, ikisi kiçik altı türbə var. Bir-birindən on metr aralı məsafədə yerləşən dörd türbə kvadrat şəklində olub, bişmiş kərpicdən, böyük türbələrin şərq tərəfində yerləşən iki kiçik türbə isə çay daşından tikilmişdi. Türbələrdən yalnız kvadrat şəklində olan ikisi müəyyənləşdirilmişdi. Kvadrat şəklində olan türbənin daxilində qərb tərəfin divarında üç başdaşı var. Başdaşıların ərəb hərfləri ilə yazılmış kitabələrini tarixçi-alim İsaq Cəfərzadənin oxuyub müəyyənləşdirdiyinə görə, türbə “Qarabağnamə”nin müəllifi, kapitan Mirzə Adıgözəl bəyin ailəsinə məxsusdur. Həmin başdaşılardan biri də Mirzə Adıgözəl bəyin qəbridir. O biri qəbirlərin kimə məxsus olduğu hələlik aydınlaşdırılmayıb.

Bərdədə İbrahim məscidinin yaxınlığında Bəhmən Mirzə Qacarın məqbərəsi yerləşir. O, Bərdədə dəfn olunmasını vəsiyyət etmiş və məqbərəni vəfatından (11 fevral 1884-cü il) əvvəl hazırlatmışdı. Məqbərə Arran memarlıq məktəbi üslubunda tikilmişdir. Hazırda yarıuçuq vəziyyətdədir. Üç otaqdan ibarət olan məqbərənin tavanları gümbəzvaridir, Ən böyük otaq giriş otağıdır, ikinci otaq nisbətən kiçikdir. Onun şimal tərəfində iki şam yeri, bir kitab taxçası, buxarı, alt hissəsində isə ocaq yeri var. Üçüncü otaqda isə Bəhmən Mirzə Qacarın qəbri, qəbrin ətrafında isə divar boyu altı kitabə düzülmüşdür.

Şuşadakı Mirzə Həsən qəbiristanlığında Qacarların ailə qəbiristanlığı yerləşib. Qəbiristanlıq XIX əsrin 50-ci illərində, yəni Şahzədə Bəhmən Mirzə Qacar İrandan Şuşaya köçəndən sonra salınıb. Burada məşhur Qacar nəslinin görkəmli simaları ilə yanaşı, sülalədən olan adi insanlar da dəfn edilib.

Uğurlubəyovların türbəsi isə Qədim Qarağac qəbiristanlığında idi. Burada ilkin olaraq Uğurlu bəy Fərəculla bəy oğlu Uğurlubəyov və zaman keçdikcə bəzi yaxın adamları dəfn edilmişdi. Sonralar onların qəbirləri üzərində türbə ucaldılıb və həmin vaxtdan da ona “Uğurlubəyovların türbəsi” adı verilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.