SİYASƏT
Qarabağda yenidənqurma və bərpa işlərinə xüsusi diqqətin yetirilməsi tariximizə və mənəvi varlığımıza dərin bağlılığın göstəricisidir
Bakı, 19 mart, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsi və torpaqlarımızın mənfur düşməndən azad olunması şanlı qəhrəmanlıq dastanı kimi tariximizin qızıl yaddaşında əbədi həkk olundu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz erməni işğalçılarından torpaqlarımızı azad edib, Azərbaycanımızı qalib dövlətə çevirib. Öz sahiblərini gözləyən Qarabağın bütün şəhərləri, qəsəbələri və kəndləri yaxın gələcəkdə Prezident İlham Əliyevin rəhbərliyi ilə abadlaşacaq və yenidən gözəl bir diyara çevriləcəkdir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Deputat qeyd edib ki, mənfur işğalçılar tərəfindən cənnət Qarabağın məqsədli şəkildə xarabalığa çevrilməsini, vandalizmə məruz qalmasını, dini-tarixi abidələrimizin təhqir olunaraq dağıdılmasını bütün dünya gördü. Qarabağ ərazisində Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin, KİV və QHT nümayəndələrinin, siyasi partiya təmsilçilərinin müntəzəm səfərlərinin əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına böyük təsiri oldu. Həmin yerlərdə dağıntıların maddi və mənəvi zərərinin dəyəri nə qədər böyükdürsə, görüləcək quruculuq və abadlıq işlərinin həcmi də bir o qədər genişdir. Prezident İlham Əliyevin bu məsələyə həssaslıqla yanaşması hər bir rayonda və kənddə qayıdış proqramının icrası zamanı xüsusi diqqət tələb edir.
“Mart ayının 15-də və 16-da dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Birinci vitse-prezident xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə növbəti dəfə tarixi ərazilərimizdə oldu. Həmin səfərin xalqımızın milli bayramı olan Novruz ərəfəsində və ilaxır çərşənbədə reallaşması heç də təsadüfi deyil. Məhz işğaldan azad olunmuş ərazilərdə region üçün çox əhəmiyyətli yeni yolun tikintisinin başlanması, tarixi abidələrin bərpası, eləcə də digər məsələlərlə yerində tanışlıq və tapşırıqların verilməsi xüsusilə yadda qaldı.
Qarabağ bölgəsində yenidənqurma və bərpa işlərinə xüsusi diqqətin yetirilməsi tariximizə və mənəvi varlığımıza dərin bağlılığın göstəricisidir, vətənpərvərlik nümunəsidir. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizdə böyük infrastruktur dəyişiklikləri həyata keçiriləcək. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fonduna xas olan zövqlə Molla Pənah Vaqifin məqbərəsinin bərpa olunması isə dünyanın ən möhtəşəm tarixi muzey-məqbərə komplekslərindən birinin məhz Azərbaycanda yaradılmasından xəbər verir”, - deyə K.Bayramov bildirib.
Deputat qeyd edib ki, həmçinin səfər zamanı bir neçə infrastruktur və tarixi obyektlərdə görülən işlərlə tanışlıq və tapşırıqların verilməsi aparılan yenidənqurma və bərpa işlərinin sürətləndirilməsinə səbəb olacaq. Bütövlükdə isə qədim Şuşa torpağının böyük turizm potensialı olacaq. Tədricən dünyanın əksər ölkələrindən çoxsaylı turistlərin və qonaqların doğma Qarabağa, o cümlədən Şuşa şəhərinə gəlişi gözlənilir. Xalqımız inanır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaxın vaxtlarda aparılan bərpa işlərinin yekununda Şuşa yenidən tarixi mədəniyyət və dostluq mərkəzinə çevriləcək.