REGİONLAR
Qars müqaviləsinin imzalanmasının 100 illiyi ilə əlaqədar interaktiv dərs keçirilib
Naxçıvan, 14 oktyabr, AZƏRTAC
AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün keçirilən növbəti interaktiv dərs Qars müqaviləsinin imzalanmasının 100 illiyinə həsr olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev dərsdə ötən əsrin əvvəllərində Cənubi Qafqazda mövcud olan ağır siyasi vəziyyətdən, xarici qüvvələrin Naxçıvanla bağlı planlarından, Moskva və Qars müqavilələrinin imzalanmasını labüd edən səbəblərdən bəhs edib. Alim 1918-1920-ci illərdə erməni daşnaklarının Naxçıvanı Azərbaycandan qoparmaq üçün izlədikləri qeyri-leqal siyasi xətt, törədilən qırğınlar haqqında danışıb. Naxçıvan əhalisinin daşnaklara qarşı inadlı müqaviməti, Behbud ağa Şahtaxtinskinin fəaliyyətinin Naxçıvan dövrü, Türkiyənin bu məsələdəki dəstəyi və rolu, zəruriləşən muxtariyyət məsələsi dərsin aparıcı xəttini təşkil edib.
Akademik şagirdlərə 1921-ci ildə Naxçıvanda keçirilən referendumun muxtariyyət statusunun qazanılmasındakı, Moskva və Qars müqavilələrində Naxçıvanla bağlı müddəanın əhəmiyyətini izah edib, onlara tarixi Qars konfransı haqqında məlumat verib. O, Qars müqaviləsinin mühüm əhəmiyyəti, sazişlə təsbit edilən ərazilər, eləcə də ermənilərin, ermənipərəst qüvvələrin fiaskoya uğrayan siyasətindən bəhs edərək bildirib ki, Qars müqaviləsinin V maddəsi və III əlavəsi Naxçıvanın ərazi mənsubiyyəti məsələsini təsdiqləyib, onun sərhədlərini qəti şəkildə müəyyənləşdirib.
“Müddətsiz imzalanmış müqavilə ilə Ermənistan Naxçıvanı Azərbaycan ərazisi kimi tanıdı, Naxçıvan vilayətinin Azərbaycanın himayəsinə verildiyini və Azərbaycanın müdafiəsini qəbul etdiyini təsdiqlədi”, - deyən alim Qars müqaviləsini türk diplomatiyasının mühüm qələbəsi adlandırıb.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvanın muxtariyyət əldə etməsində Moskva və Qars müqavilələrinə böyük əhəmiyyət verdiyini qeyd edən bölmə rəhbəri dahi liderdən və böyük sərkərdə Mustafa Kamal Atatürkdən sitatlar gətirib. Qars müqaviləsinin 100 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı 2021-ci il 8 fevral tarixli Sərəncamın və həmin dövlət sənədi ilə təsdiq olunan Tədbirlər Planının tarixi keçmişimizə mühüm diqqətin bariz təzahürü olduğunu söyləyib.
Akademik İsmayıl Hacıyev sonda diqqətə çatdırıb ki, hər bir gənc tarixi həqiqətləri dərindən öyrənməli, əsl vətənpərvər kimi yetişməyi həyatının əsas amalı kimi müəyyənləşdirməlidir. Çünki bu günün savadlı məktəblisi Azərbaycanın sabahkı inkişafının qarantıdır.