REGİONLAR
Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunan ipəkqurdu toxumları 26 rayonun kümçülərinə paylanılacaq
Bu il respublikanın 40 rayonunda barama yetişdiriləcək
Qax, 25 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə yaş barama istehsalı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 10 min qutu hibrid ipəkqurdu sənaye toxumunun (qrena) yarıdan çoxu Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Eyni zamanda, müəssisənin özündə yerli istehsal hesabına hazırlanmış 1130 qutu ipəkqurdu toxumu da kümçülərə paylanılmaq üçün hazırda stansiyada inkubasiya olunur.
AZƏRTAC-ın bölgə müxbiri Qax Damazlıq İpəkçilik Stansiyasında olub, ipəkqurdu toxumlarının inkubasiyası prosesi ilə maraqlanıb.
Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, builki mövsümdə respublikanın 40 rayonunda barama yetişdiriləcək. Kümçülərə paylanılması nəzərdə tutulan 11 min 130 qutu ipəkqurdu toxumu 2 mərhələdə - aprelin 20-si və 24-də Qax Damazlıq İpəkçilik Stansiyasında, həmçinin Bərdə, Ağsu, Zərdab və Zaqatala rayonlarındakı məntəqələrdə inkubasiyaya qoyulub. Stansiyada birinci mərhələdə inkubasiya olunan ipəkqurdu toxumunun aprelin 29-30-da Aran bölgəsi rayonlarının kümçülərinə, ikinci mərhələdə inkubasiya olunan toxumun isə mayın 3-4-də dağlıq ərazidə yerləşən rayonların kümçülərinə paylanılması nəzərdə tutulur. Ümumiyyətlə, Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunan ipəkqurdu toxumu 26 rayonun kümçülərinə paylanılacaq.
Müəssisə rəhbərinin sözlərinə görə, cari mövsümdə Qax və Zaqatala kümçüləri yalnız yerli istehsal hesabına hazırlanmış ipək qurdlarından barama yetişdirəcəklər.
Qeyd edək ki, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər stansiyanın ərazisində 5 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağı salınıb. İpəkqurdunun yemlənməsi prosesi zamanı artıq bu bağdakı ağacların yarpağından da istifadə olunur.