REGİONLAR
Qax bələdiyyəsinin kuboku uğrunda futbol birinciliyində 12 komanda mübarizə aparır
Qax, 3 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax şəhər stadionunda bələdiyyə kuboku uğrunda futbol üzrə rayon birinciliyinə start verilib. Rayon Gənclər və İdman İdarəsinin və Qax bələdiyyə şurasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 12 komanda mübarizə aparır.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ənənəvi olaraq hər il keçirilən bu yarış rayonda futbolun kütləviliyini daha da artırmaq, gənclərin asudə vaxtlarını mənalı və səmərəli təşkil etmək, perspektivli gənc futbolçuları üzə çıxararaq rayonun futbol üzrə yığma komandasını komplektləşdirmək məqsədi daşıyır.
Birinciliyin ilk oyununda Marsan və Turaclı kənd bələdiyyələrinin komandaları qarşılaşıblar. Oyun qolsuz heç-heçə ilə başa çatıb.
Rayon birinciliyinə oktyabrın sonunda yekun vurulacaq. Qalib komandalar kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.