REGİONLAR
Qax rayonunun Qaxbaş kəndinin mərkəzi küçəsinin yenidən qurulması işləri davam edir VİDEO
Bakı, 25 oktyabr, AZƏRTAC
Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaxbaş kəndinin mərkəzi yolu olan İmam Mustafayev küçəsinin yenidən qurulması işləri davam edir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, İmam Mustafayev küçəsi Qaxbaş kəndinin əsas yollarından biri olmaqla uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilirdi. Əsasən çınqıl örtüklü və torpaq əsaslı olan yolda xüsusən payız-qış aylarında avtonəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində çətinliklər yaşanırdı.
Məlumata əsasən, 1,1 kilometr uzunluğa malik İmam Mustafayev küçəsinin hərəkət hissəsinin eni 7 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir. Layihə çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, yeni yol yatağı və yol əsasının tikintisi işləri aparılıb.
Layihə üzrə ardıcıllığa uyğun olaraq, hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Küçəboyu rahat və təhlükəsiz hərəkəti təmin etmək məqsədilə 3600 kvadratmetr yeni piyada səkilərinin inşası, kənarlarına 2200 poqonometr səki daşının düzülməsi işləri və ümumi uzunluğu 960 metr olan dəmir-beton su arxının tikintisi də artıq yekunlaşıb.
Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”na əsasən agentliyin rəhbərliyinin nəzarəti ilə icra olunur. İşlərin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Tikinti layihəsinin sonuncu mərhələsində yol birləşmələrinin təmiri, zəruri yol nişanlarının quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin və piyada zolaqlarının çəkilişi aparılmaqla küçə müasir görkəmdə istifadəyə veriləcək.
Təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.