REGİONLAR
Qaxda 13 min 550 hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır
Qax, 23 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün 13 min 550 hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 9 min 650 hektarına buğda, 3 min 900 hektarına isə arpa səpiləcək. Hazırda təsərrüfatlarda payızlıq dənlilərin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 1615 hektarı dən üçün arpa, 1655 hektarı buğda olmaqla, 3 min 270 hektar sahəyə toxum səpiblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, payızlıq dənlilərin səpini üçün indiyədək rayonun təsərrüfatlarında 10 min 100 hektar sahədə şum aparılıb və bu iş davam etdirilir. Səpin üçün 3 min tonadək toxum fondu tələb olunur. Ayrılan toxum laboratoriya müayinəsindən keçirilərək təmizlənib və dərmanlanıb. Ümumilikdə, səpin kampaniyasına 200-dək traktor, 55 ədəd toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib.
Qeyd edək ki, builki mövsümdə rayonda 14 min 91 hektar sahənin məhsulu biçilib, 45 min 681 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,4 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 7 min 289 ton artıb.