REGİONLAR
Qayayadırmanma üzrə açıq respublika çempionatının qalibləri mükafatlandırılıb VİDEO
Siyəzən, 5 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 3-4-də Siyəzən rayonu ərazisində yerləşən Beşbarmaq dağında keçirilən qayayadırmanma üzrə açıq respublika çempionatının qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə artıq səkkizinci dəfə keçirilən birincilikdə yüzə yaxın idmançı mübarizə aparıb. Çempionat kişilər və qadınlar arasında üç mərhələdə (təsnifat, yarımfinal və final) təşkil olunub.
Maraqlı və gərgin keçən mübarizədən sonra çempionatın qalibləri müəyyənləşib. Kişilər arasında çətinlik üzrə final mərhələsində Ramel Rəhimxanov hamını qabaqlayaraq birinci olub. Onun ardınca Qalib Şıxrəhimov ikinci, Qorxmaz Qədirli isə üçüncülükdə qərarlaşıb.
Qadınlar arasında çətinlik üzrə final mərhələsində isə Sima Səfərova qızıl medala sahib olub. Könül Hüseynova və Leyla Əhmədova isə müvafiq olaraq II və III yerləri tutublar.
Açıq respublika çempionatında kişilər arasında sürət üzrə final mərhələsinin qalibi adını da Ramel Rəhimxanov qazanıb. Rinat Rəhimxanov ikinci, Qalib Şıxrəhimov isə üçüncü olub. Çətinlik yarışlarında qalib adını qazanan Sima Səfərova qadınlar arasında sürət üzrə final mərhələsində də hamını qabaqlamaqla qızıl medala sahib çıxıb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Leyla Əhmədova ilə Lalə Atluxanova qazanıblar.
Çempionatda komandalararası yarışda ümumi nəticələrə görə FAİREX-in “FHN” komandası birinci, “Şəki A.M.A” komandası ikinci, “Gömrükçü” komandası isə üçüncü olub.
Yarışın qaliblərinə Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının, FAİREX-in kubok və medalları təqdim edilib.