MƏDƏNİYYƏT
Qazaxıstanda Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırılması Mərkəzi açılıb VİDEO
Aktau, 6 dekabr, AZƏRTAC
Qazaxıstanın Atırau şəhərində Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırılması Mərkəzinin açılışı olub.
Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun və Atırau vilayətində fəaliyyət göstərən diaspor təşkilatlarımızın dəstəyi ilə
X.Dosmuxamedov adına Atırau Dövlət Universiteti nəzdində yaradılan Mərkəzin məqsədi ölkəmizin tarixi və mədəni irsinin öyrənilməsidir.
Mərkəz Qazaxıstanın qərb vilayətlərində yerləşən ali təhsil müəssisələrinin tələbə və doktorantlarının, eləcə də Qafqaz, Xəzəryanı ölkələr, konfliktologiya, türkologiya və Azərbaycanla bağlı araşdırmalar aparan tədqiqatçılar üçün ölkəmiz barədə dolğun və düzgün məlumatların əldə edilməsində mühüm bir qurum olacaq. Maraqlı şəxslər Azərbaycan mədəniyyəti, tarixi, incəsənəti, musiqisi, iqtisadiyyatı və turizm potensialı barədə müfəssəl məlumatlar əldə edə biləcəklər.
Baş konsulluqla Atırau Dövlət Universiteti arasında əldə olunmuş razılığa əsasən bir müddət sonra Mərkəzin mətbu orqanı da təsis ediləcək, Azərbaycanın və Qazaxıstanın gənc alimləri və tələbələri öz elmi məqalələri ilə çıxışlar edəcəklər.
Tədbirdə Azərbaycanın son dövrlər əldə etdiyi uğurları əks etdirən qısa film nümayiş olunub. Həmçinin ölkəmizin atributları, tarixi, mədəniyyəti, iqtisadi nailiyyətləri, ədəbiyyatı, incəsənəti və s. barədə stendlərin təqdimatı olub. Mərkəz daxilində yaradılmış kitabxananın materiallarının sərgisi keçirilib, ölkəmizlə bağlı elektron məlumatlar təqdim edilib.
Ölkəmizin müxtəlif şirkətlərinin Qazaxıstanın qərb regionlarında həyata keçirdiyi layihələr, İqtisadiyyat və Sənaye Nazirliyinin regionda fəaliyyət göstərən şirkətlərə dəstəyi haqqında danışılıb, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun müxtəlif broşür, buklet və digər təbliğat materialları iştirakçılara təqdim edilib.
Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədov, Atırau Dövlət Universitetin rektoru Beybut Mamrayev, Atırau şəhər akiminin (merinin) müavini Gülmira Şakirova və Atırau vilayətində fəaliyyət göstərən Azərbaycanlıların “Novruz” Milli-Mədəni Mərkəzinin rəhbəri Eldar Əhmədov çıxış edərək Azərbaycan-Qazaxıstan münasibətləri, iki ölkə arasında mədəni və iqtisadi əlaqələr, regional əməkdaşlıq barədə danışıblar.
Rektor B.Mamrayev Qazaxıstan-Azərbaycan əlaqələrinin inkişafında mühüm rolu olan baş konsul R.Məmmədova universitetin fəxri fərmanını təqdim edib.
Tədbirdə Atırau şəhərinin ziyalıları, Atırau vilayət və şəhər rəhbərliyinin təmsilçiləri, bir sıra ali təhsil müəssisələrinin tələbə və müəllimləri, yerli və regional KİV nümayəndələri, habelə şəhərdə yaşayan icma üzvləri iştirak ediblər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau