MƏDƏNİYYƏT
Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi silsilə tədbirlərlə qeyd olunur VİDEO
Bakı, 25 avqust, AZƏRTAC
Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi Qazaxıstan Bakıdakı səfirliyi tərəfindən silsilə tədbirlərlə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri çərçivəsində həm də ölkənin milli mədəni tarixi, turizm potensialı, təhsil və mədəniyyət sahəsində də müxtəlif memorandumlar imzalanıb.
Bu gün qazaxıstanlı və azərbaycanlı qonaqların iştirakı ilə Şimkənt şəhərinin turizm potensialının təşviqi və təqdimatı məqsədilə ROAD-show sərgisi açılıb. Tədbirdə Şimkənt şəhərinin akimi Aybek Sattıbayev, şəhərin maslihat katibi Baxadır Narımbetov, turizm idarəsinin rəhbəri Yerlan Kıdırov, biznes dairələri, “AIR ASTANA” aviaşirkətinin, SANDYQ etno-restoranın nümayəndələri və mədəniyyət işçiləri iştirak edirdilər.
Yaşı 2000 ildən artıq olan Şimkənt şəhərinin turizm potensialının və iqtisadi bazasının təqdimatı mərasimində Qazaxıstanın musiqili qonaqları rəngarəng repertuarla tədbir iştirakçılarını salamlayıblar.
Şımkənt şəhərinin maslihat katibi Baxadır Narımbetov şəhərin tarixi, mədəniyyəti, insanları haqqında məlumat verərək bildirib ki, Qazaxıstanda məskunlaşan 100 mindən çox azərbaycanlının 32 faizi Şımkənt şəhərində yaşayır. Onların bu qədim şəhərdə onilliklər boyu həmrəylik və sülh şəraitində yaşayaraq, qurub-yaradırlar. Qazaxıstanda mövcud olan xalq diplomatiyası uzun əsrlərdən bəri burada yaşayan bütün millətləri bir-birinə dost edib.
Şımkənt şəhər merinin müavini Aybek Sattıbayev Cənubu Qazaxıstanın incisi sayılan Şımkənt şəhərində bu günümüzə qədər qorunub saxlanan, UNESCO-nun maddi İrs siyahısına salınan müqəddəs və sakral məkanlardan bəhs edib. Türk dünyasının mənəvi paklıq fəlsəfəsinin banisi Əhməd Yəssəvininin atası İbrahimin, anası Karasaç ananın da türbələrinin burada yerləşdiyini bildirib. Əlavə edib ki, hər il dünyanın bir çox ölkələrindən Şımkəntə gələn turistlər arasında təəssüf ki, qardaş Azərbaycandan gələnlərin sayı çox azlıq təşkil edir. O, gələn ilin yaz aylarında Şımkəntdə Beynəlxalq Tülpan Festivalını keçirəcəklərini də söyləyib.
Şımkənt şəhərinin təqdimatı mərasimində həm də Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıq memorandumları imzalanıb.
Daha sonra “SANDYQ” etno restoranının təqdimatı oldu. O bildirdi ki, Azərbaycanda da bu restoran şəbəkəsini açmaq niyyətindədirlər.