ELM VƏ TƏHSİL
Qazaxıstanlı alimlər Folklor İnstitutunda olublar
Bakı, 1 iyun, AZƏRTAC
Qazaxıstanın Muxtar Auezov adına Mədəniyyət və İncəsənət İnstitutunun əməkdaşları – aparıcı elmi işçi filologiya üzrə fəlsəfə doktoru Jumaşay Rakış və elmi işçi filologiya üzrə fəlsəfə doktoru Nazira Sarsek AMEA-nın Folklor İnstitutunda olublar.
Bu barədə AZƏRTAC-a Folklor İnstitutundan bildirilib. İnstitutun baş direktoru akademik Muxtar İmanov qonaqlara müəssisədə görülən işlər barədə məlumat verib. Qeyd edib ki, Folklor İnstitutunun əsas fəaliyyət istiqamətlərindən biri də ayrı-ayrı türk xalqlarının folklorunun öyrənilməsidir və bu istiqamətdə Türk xalqları folkloru şöbəsi fəaliyyət göstərir. Akademik rəhbərlik etdiyi institutun Orta Asiya respublikaları və Qazaxıstanın elm və təhsil müəssisələri ilə əlaqələrindən də bəhs edib.
Qonaqlar Folklor İnstitutuna gəlişlərinin “Qazax postfolkloru: genezis, semantika və transformasiya” adlı layihə çərçivəsində gerçəkləşdiyini bildiriblər. Bu layihənin rəhbəri Jumaşay Rakış təmsil etdikləri institut barədə məlumat verərək, Azərbaycandakı elmi qurumlarla, eləcə də Folklor İnstitutu ilə tanışlığın və qarşılıqlı əlaqələrin qurulmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşdə Folklor İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova və AMEA Rəyasət Heyətinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev də iştirak ediblər.
Qazaxıstanlı qonaqlar, həmçinin institutun Müasir folklor şöbəsinin fəaliyyət prinsipi və gördüyü işlərlə tanışlıq imkanı əldə ediblər.